Son illərdə Bakıda bir neçə bazar bağlanıb. 2018-ci ildə Yasamal bazarı, 2025-ci ildə isə Keşlə bazarı yol çəkilişi ilə əlaqədar olaraq söküldü. Bundan əvvəl isə Passaj və Kömürçü bazarları tarixin arxivinə qovuşub. İndi isə eyni hal paytaxtdan kənarda, Qəbələnin Vəndam qəsəbəsində yaşanır. Yol genişlənir, körpü və tunel tikilir, amma əhalinin illərlə üz tutduğu, nisbətən ucuz alış-veriş etdiyi bazar məkanı da tarixə çevrilir.
1xeber.media xəbər verir ki, “Yeni Sabah”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bazarlarla bağlı yaranmış vəziyyəti müxtəlif səbəblərlə əlaqələndirib:
“Bazarların sıradan çıxması həm obyektiv, həm də subyektiv səbəblərlə bağlıdır. Obyektiv səbəb ondan ibarətdir ki, artıq demək olar hər məhəllədə kiçik bazarlar və iri supermarket şəbəkələri fəaliyyət göstərir. Kənd təsərrüfatı məhsullarının satıldığı xırda satış məntəqələri də formalaşıb. Yəni əvvəllər əsasən bazarlarda satılan məhsulların böyük hissəsini indi az və ya çox həcmdə məhəllə marketlərində və kiçik bazarlarda da tapmaq mümkündür. Bu, qaçılmaz bir reallıqdır.
Subyektiv səbəb isə ondadır ki, Bakıdakı bazarlar şəhərin mərkəzi və investorlar üçün cəlbedici ərazilərində yerləşirdi. Təbii olaraq, həmin ərazilərdə bazarların yerində yaşayış komplekslərinin və digər tikililərin inşası daha çox gəlir vəd edirdi. Bazarlərin özəlləşdirilməsi, sonradan əl dəyişdirməsi və həmin ərazilərdə tikinti işlərinin aparılması böyük qazanc gətirdi. Buna görə də bu prosesin qarşısını almaq çətin idi”.
Onun fikrincə, bu tendensiyanın qarşısını tam almaq mümkün olmayacaq:
“Hesab edirəm ki, bu proses davam edəcək və onun qarşısını tam almaq, yaxud ciddi müqavimət göstərmək mümkün deyil. Ancaq dövlətin əlində elə mexanizmlər var ki, həm vətəndaşların rahatlığı təmin olunsun, həm də fermerlərin, istehsalçıların və istehlakçıların maraqları qorunsun.
Bu baxımdan “tarladan süfrəyə” yanaşmasını inkişaf etdirmək vacibdir. Supermarketlərə və iri ticarət şəbəkələrinə təşviqlər verilə bilər ki, onlar fermerlərlə birbaşa işləsin, birbaşa müqavilələr bağlasınlar. Məsələn, belə əməkdaşlıqlara müəyyən vergi güzəştləri tətbiq oluna bilər. Bu da həm şəbəkələr üçün maraqlı olar, həm də nəticədə qiymətlərin aşağı düşməsinə təsir göstərə bilər”.