Вернуться назад Распечатать

Skuterlərlə bağlı sərt qaydalar gəlir?

Bir sıra ölkələrdə skuterlərin piyadalar üçün təhlükə yaratması səbəbilə onların istifadəsinə məhdudiyyətlər və hətta qadağalar tətbiq olunur. Rusiyanın Ramenskoye şəhərində skuter icarəsinin tam qadağan edilməsi də müzakirələrə səbəb olub. Bəs, Azərbaycanda skuterlərlə bağlı hansı qaydalar mövcuddur və bu sahə necə tənzimlənir?

1xeber.media xəbər verir ki,məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, skuterlərin qadağan olunması ilə bağlı Avropada da bəzi şəhərlərdə, məsələn, Praqada oxşar qərarlar qəbul edilib. 

"Əslində isə burada qadağadan çox maarifləndirmə, lazımi şəraitin yaradılması və skuterlərin hərəkətinə dair qaydaların təkmilləşdirilməsi daha düzgün yanaşma hesab oluna bilər. Buraya sürət həddi, yaş məhdudiyyəti və digər tənzimləmələr daxildir. Bu cür tədbirlər daha effektiv nəticə verə bilər, nəinki tam qadağa. Çünki dövr dəyişir və nəqliyyat vasitələri də buna uyğun olaraq yenilənir. Əvvəllər velosiped daha geniş istifadə olunurdusa, indi skuter daha rahat, yığcam və əlverişli alternativdir. Hətta avtomobilin baqajında daşına bilən, liftə sığan bir nəqliyyat vasitəsidir. Buna görə də onun qadağan olunacağı real görünmür və ümumiyyətlə, belə bir qadağaya ehtiyac da yoxdur”.

Ekspert bildirib ki, daha doğru yanaşma ondan ibarətdir ki, müvafiq infrastruktur yaradılsın, qaydalar dəqiq tətbiq olunsun və sürət, yaş kimi məhdudiyyətlərə riayət edilsin. 

"Bu halda qəzaların qarşısını daha effektiv şəkildə almaq mümkündür. Çünki qəzalar təkcə skuterlərdə deyil, avtomobillərdə və motosikletlərdə də baş verir. Əgər yanaşma qadağa prinsipi üzərində qurulsa, onda eyni məntiqlə avtomobillərin də qadağan olunması gündəmə gələ bilər ki, bu da düzgün deyil. Ona görə də əsas məqsəd qadağa deyil, tənzimləmə və təhlükəsiz istifadə şəraitinin yaradılması olmalıdır".