Вернуться назад Распечатать

Deputatın genetik mənşəyi məlum olub: əcdadları Azərbaycana İslamı yayıb

Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020) olmuş sabiq dövlət xadimi Hadi Rəcəblinin Y-xromosom (Y-DNT) nəticələri təqdim olunub.

Bu barədə Modern.az-a DNT layihəsinin rəhbəri genetik-tədqiqatçı Orxan Xansuvar məlumat verib.

Məlumata görə, Hadi Rəcəblinin kişi xətti üzrə genetik mənsubiyyəti T haploqrupunun M70 (ehtimala görə SK1718) subkladına aid edilib. Tədqiqatçılar bildirirlər ki, bu genetik qolun təxminən 3000 il yaşı var və əsasən Yaxın Şərq mənşəlidir. Bu haploqrup bu gün daha çox ərəb xalqları arasında – xüsusilə BƏƏ, Küveyt, Qətər və Oman əhalisində, eləcə də tarixi Əndəlüs bölgəsində (İspaniyada yaşamış ərəblər və mavrlar arasında) müşahidə olunur.

Araşdırmada qeyd olunur ki, sözügedən subkladın qədim DNT nümunələrinə Livanda orta əsrlərə aid tapıntılarda, eləcə də İtaliyada İslam dinini yaymış ərəb sərkərdəsinin qəbrində rast gəlinib. Bu isə həmin genetik xəttin tarixi yayılma arealının geniş olduğunu göstərir.

Maraqlı məqamlardan biri də budur ki, eyni subklad Azərbaycanda Lerik rayonunun Kirəvud kəndində yaşayan bir nəsildə də aşkarlanıb. Lakin hər iki nəslin ortaq əcdadının nə qədər əvvəl yaşadığını müəyyənləşdirmək üçün daha dərin genetik analizlərə ehtiyac var.

Genetik nəticələrə əsasən, Hadi Rəcəblinin ulu babalarının Azərbaycana İslamın yayılması dövründə gəlmiş ərəb mənşəli sərkərdələrin nəslindən olması ehtimal edilir. Bu genetik xəttin Şimali Afrika və məqrib ərəbləri arasında da yayılması diqqət çəkən fakt kimi qeyd olunur.

Tarixi mənbələrə görə, Hadi Rəcəbli Lənkəran rayonunun Veravul kəndindəndir. Onun ulu babaları isə Lerikin Sori kəndindən 1730-cu illərdə – Qara xan dövründə Veravula köç ediblər. Sonradan həmin ərazi Rəcəb kişinin adı ilə “Rəcəb məhəllə” kimi tanınıb.

“Lənkəran qəzasının kameral təsviri – 1849-cu il” (R.Xansuvar, A.Varsaman) adlı mənbədə də bu nəslə dair qeydlər yer alıb. Sənədə əsasən, kənd qeydiyyatında Şahverən Rəcəb oğlu (30 yaş) və onun qardaşları Nəzər (20 yaş) və Şahgəldi (15 yaş) qeyd olunub.

Bildirilir ki, təqdim olunan nümunə şəxsi xarakter daşıyır və IN75341 elmi iş nömrəsi ilə bazaya daxil edilib. Hazırda həmin nümunə üzrə autosomal DNT analizi də sifariş olunub və bu, gələcəkdə daha dəqiq genetik nəticələrin əldə edilməsinə imkan verəcək.