Вернуться назад Распечатать

Beyləqanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olundu - Fotolar

Beyləqan Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşəbbüsü ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə rayonun Aşağı Çəmənli kəndi ərazisində yerləşən qədim I–IV Çardaxlı yaşayış yerinə səfər təşkil olunub.

1xeber.media xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağsaqqallar Şurasının üzvləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səfər çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin nümayəndələri tərəfindən iştirakçılara abidənin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Yeddi təpə”dən ibarət olan bu qədim yaşayış məskəni ilk Tunc dövrünə aid edilir. Aparılan arxeoloji qazıntılar zamanı ərazidə küp qəbirlər, saxsı çıraqlar, şirli saxsı qablar və digər maddi-mədəniyyət nümunələri aşkar olunub. Qeyd edilib ki, bu tapıntılar ərazinin zəngin tarixini, həmçinin burada yaşamış insanların həyat tərzi və məişətini əks etdirən mühüm elmi mənbələrdir.

Eyni zamanda təşkil olunan sərgidə nümayiş etdirilən eksponatların bir hissəsinin məhz Çardaxlı yaşayış yerindən, digər hissəsinin isə rayonun müxtəlif qədim yaşayış məntəqələrində aparılmış arxeoloji qazıntılar zamanı əldə olunduğu diqqətə çatdırılıb.

Tədbirin sonunda çıxış edən RİH başçısı Ə.Əzizov ölkəmizdə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib, bu sahədə görülən işlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, belə tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, tariximizin dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynayır.

Tədbirin yekununda xatirə şəkli çəkilib.