
“Daşınmaz əmlakın idarə olunması” ixtisasından əvvəl, kənd təsərrüfatı ixtisaslar qrupunda “Yer quruluşu və daşınmaz əmlakın kadastı” adlı ixtisas var idi. Həmin ixtisasa qəbulu Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Aqrar Universiteti və Naxçıvan Dövlət Universiteti aparırdı”.
Bunu “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.
O bildirib ki, əmək bazarında yeni yaranan ixtisasa xeyli tələbat var:
“İndiyə qədər kənd təsərrüfatı ixtisasları qrupunda 45 ixtisas var idi. “Daşınmaz əmlakın idarə olunması” ixtisası isə təsnifat üzrə 46-cı oldu. Bu da əmək bazarında sözügedən ixtisasa tələbatın olmasından irəli gəlir. Yəqin ki, mövcud ixtisasa uyğun, bir neçə universitetdə tələbə qəbulu aparılacaq. Ölkəmizdə daşınmaz əmlak sahəsində fəaliyyət göstərən şirkətlər kifayət qədər çoxdur. Bu kimi şirkətlərin idarə olunması üçün ixtisaslı kadrlara ehtiyac var. Bu sahə üzrə konkret kadr hazırlığı həyata keçirən ixtisas yox idi. Ona görə də bu istiqamətdə konkret ixtisas sahələrinin hazırlığı nəzərdə tutulur”.
Ekspert vurğulayıb ki, yeni ixtisasa 1-ci ixtisas qrupundan qəbul həyata keçiriləcək:
“Fikirmcə, 1-ci ixtisas qrupu üzrə qəbul aparılacaq. Çünki daha əvvəlki “Yer quruluşu və daşınmaz əmlakın kadastı” ixtisası da məhz 1-ci ixtisas qrupunda yer alırdı. Bal aralığına gəldikdə, düşünürəm ki, minimum 280-300, maksimum isə 350-400 bal toplayan tələbələr, bu ixtisasa qəbul ola bilər”.
Qeyd edək ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na yeni məzmunda 6.46-cı bənd əlavə edilib. Bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, bakalavriat səviyyəsi üzrə ixtisasların sırasına “Daşınmaz əmlakın idarə olunması” da əlavə edilib.