Türkiyənin Prezident Kitabxanası və 15 İyul Şəhidlər Kitabxanasında bu ilin iyun ayının ilk həftəsində repressiyaya məruz qalan ziyalılarımızın xatirəsi anılacaq, onlara həsr olunan sərgi açılacaq. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Muzeylər Baş İdarəsi, Əhməd Cavad İnstitutu və TÜRSOY-un birgə əməkdaşlığı ilə ərsəyə gələcək sərgidə repressiyaya məruz qalan ziyalılarımızın saxlandığı zindanlar və məkanlar da canlandırılacaq. Sərgidən əvvəl akademik konfransın keçirilməsi də nəzərdə tutulur.
1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) liderinin baş müşaviri, Əhməd Cavad İnstitutunun rəhbəri, professor Ruhi Ersoy deyib.
O bildirib ki, bu konfransda Türk dünyasındakı repressiya muzeylərinin rəhbərləri iştirak edəcək və “Türk dünyasında repressiya mövzusu necə bir ümumi yaddaş formalaşdırıb?” fikri müzakirə olunacaq.
“Biz orta və uzunmüddətli perspektivdə Ankara şəhərində repressiyaya məruz qalmış şəxslərin ortaq yaddaşını əks etdirən daimi bir abidənin ucaldılmasını da vacib hesab edirik. Türkdilli dövlətlərdən gələn hər bir ziyalı və ya dövlət başçısının bu məkanı ziyarət edərək həmin qurbanları yad etməsi mənəvi bir vəzifə olmalıdır. Bütün bu fəaliyyətlər Əhməd Cavad İnstitutu çərçivəsində həyata keçirilir. Biz Türk dünyası ideyasını güclü şəkildə ifadə edən Əhməd Cavadın mənəvi irsini, onun “Çırpınırdı Qara dəniz” əsərindən tutmuş Azərbaycan Milli Himninə qədər uzanan yaradıcılığını Türkiyədə daha güclü şəkildə yaşatmağa çalışırıq”, -deyə o bildirib.