Вернуться назад Распечатать

İcbari sığorta bazarı KİÇİLİR – Çöküşün səbəbləri

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növləri üzrə toplanan sığorta haqları 43,126 milyon manat təşkil edib.

1xeber.media Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz azdır. 

Eyni dövrdə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 27,028 milyon manat olub ki, bu da illik müqayisədə 27,3 faiz artım deməkdir. Nəticədə sığorta yığımları ilə ödənişlər arasındakı nisbət daha da azalıb: hər 100 manat sığorta haqqına qarşı 62,7 manat ödəniş edilib. Bir il əvvəl bu göstərici 34,7 manat idi.

Ümumi sığorta bazarında da oxşar dinamika müşahidə olunur. Yanvar-fevral aylarında 16 sığorta şirkəti tərəfindən 277,562 milyon manat sığorta haqqı toplanıb ki, bu da 1,3 faiz azalma deməkdir. Ödənişlərin həcmi isə 148,800 milyon manata yüksələrək illik müqayisədə 37 faiz artıb.

Beləliklə, ümumi bazarda hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş kimi geri qaytarılıb. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.

İcbari sığorta yığımlarının azalması, ümumilikdə, sığorta bazarının daralması nəylə bağlıdır? 

“Xalq Həyat Sığorta” şirkətinin satış departamentinin müdiri Şəhriyar Məcidovun Musavat.com-a dediyinə görə, icbari sığorta bazarındakı kəskin azalmanın əsas səbəbi ötən il qəbul edilən qanunvericilik dəyişikliyi ilə bağlıdır:

“Bildiyiniz kimi, dövlət təşkilatlarında çalışan işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortasını bu ilin yanvarından etibarən Dövlət Sosial Müdafiə Fondu həyata keçirməyə başlayıb. İndiyədək həm özəl, həm dövlər sektorunda çalışan işçilər üzrə bu fəaliyyət sığorta şirkətlərində idi. İndi isə dövlət sektorunda bunu DSMF icra edir. Bu, ümumi olaraq illik 40-45 milyon manat sığorta haqqı deməkdir. Azalmanın əsas səbəbi budur”.

Mütəxəssisin sözlərinə görə, sığorta bazarındakı geriləmənin digər səbəbi müvəqqəti amildir:

“Könüllü sığortanın əsas istiqamətlərindən biri ipoteka kreditləri üzrə həyat sığortasıdır. Həmişə dövlət ipotekası üçün banklara limitlər yanvar-fevral aylarında ayrılır, mart ayının sonunadək əksər müqavilələr bağlanır, sığorta haqları ödənilirdi. Bu il limitlər martın əvvəlində ayrıldı, dərhal da ardınca 12 günlük bayram tətili başladı. Yəni müqavilələr imzalanmadı və ödəniş olmadı. Yəqin ki, ikinci rübdə bu proses reallaşacaq və yığımlarda hissediləcək dərəcədə artım olacaq”.

Sığorta ödənişlərindəki artıma gəlincə, bu, həyat sığortası sahəsində ötən ilin yanvarından qüvvəyə minən digər dəyişiklikdir. Belə ki, həyatın yaşam sığortası sahəsində 2023-cü ildən başlayaraq hökumət sektorunda çalışan işçilərlə bağlı stimullaşdırıcı tədbirlər məhdudlaşdırıcı addımlarla əvəz olunub. Son illərdə bu sığorta növünə maraq sürətlə artırdı. Buna sığorta növünün inkişafı məqsədilə tətbiq olunan stimullaşdırıcı tədbirlər səbəb olmuşdu. Lakin 2023-cü ildən başlayaraq həmin stimullaşdırıcı tədbirlər tədricən aradan qaldırılır. Həmin ilin avrqustunda Azərbaycan Mərkəzi Bankının qəbul etdiyi qərara əsasən, 2023-cü ilin sentyabrından ölkədə fəaliyyət göstərən bütün həyat sığorta şirkətləri “Həyatın yığım sığortası” məhsulundan istifadə edən müştərilərə kredit xəttinin açılmasını dayandırmalı oldular. Həmin vaxta qədər “Həyatın yığım sığortası” məhsulundan istifadə edənlər gəlirlərini artırmaq məqsədi ilə əməkhaqqının əsas hissəsini yığım sığortasına yönəldirdilər. Əvəzində şirkətlər sığortaolunanlara illik 7,5  faizlə kredit xətti təklif edirdilər. Nəticədə rəsmi maaşı olan şəxslər “Həyatın yığım sığortası” məhsulundan istifadə etməklə əməkhaqqının əsas hissəsindən 50  faiz və ya 72  faiz (əməkhaqqıdan asılı olaraq) qazanc və aşağı faizlə kredit xətti əldə edirdilər. Kredit xəttinin üstünlüyü ondan ibarətdir ki, əməkhaqqının əsas hissəsinin sığortaya ödəməklə güzəştlərdən daha çox faydalanmaq imkanı ilə yanaşı, kredit borcunun və kredit faizinin ödəniş müddətinin sonunda yığım hesabı vasitəsi ilə qaytarılırdı.

2025-ci ilin yanvarından isə dövlət sektorunda çalışan işçilərin həyatın yaşam sığortasına qoşulmaqla bağlı güzəştləri ləğv olundu. Bununla bağlı vergi və sosial qanunvericilikdə müvafiq dəyişiklik edilib.

Qeyd edək ki, həyatın yaşam sığortasına qoşulan şəxs müqavilə müddətinin sonunadək yaşadığı, yaxud müqavilə müddətində vəfat etdiyi halda toplanan sığorta ödənişi müqavilədə göstərilən şəxsə verilir. Müddətin sonunda verilən sığorta ödənişi və aylıq sığorta haqları gəlir vergisindən azad idi. 2005-ci ildən qanunvericiliyə edilən dəyişikliklə işçinin əmək haqqından 100 faiz həddə sığorta haqqı yığım sığortasına yönəldilə bilərdi. Həmin hədd isə tam həcmdə gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azad edilmişdi. 2018-ci ildən etibarən bu hədd 50 faizə endirilib. Hər bir işçi minimum 3 il bitdikdən sonra müvafiq vergi və sosial sığorta haqqı güzəştlərini toplayıb, birdəfəlik ödəniş kimi əldə etmək iqtidarında idi. 2025-ci ildən həyata keçirilən düzəlişlərə əsasən, dövlət sektorunda çalışan işçilərin əmək haqqından yığım sığortasına yönəldilən məbləğlər üzrə vergi və məcburi dövlət sosial sığorta haqqı güzəştləri ləğv edilib. Bu zaman 2024-cü ilin dekabr ayından başlayaraq davam edəcək yığım sığortası müqavilələri də daxil olmaqla, 2025-ci ilin 1 yanvar tarixindən sonra 3 ili bitənədək həmin müqavilələr üzrə müvəqqəti olaraq güzəştlər davam edəcək.

Verilən məlumata görə, bu addımın da məqsədi Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin artımına nail olmaqdır. Belə ki, əmək haqqının həyatın yığım sığortasına yönəldilən hissəsi sosial ödəniş və vergidən azad olunurdu. Bu isə Fonda ödənişlərin azalmasına gətirib çıxarırdı.

Maraqlıdır ki, həyatın yaşam sığortası könüllü məhsul olsa da, artıq dövlət qurumlarında çalışan şəxslərə ondan yararlanmaq qadağan edilib. Özəl sektordakı əmək haqqı səviyyəsinin bu sığorta növü üçün tam əlverişli olmaması nəticəsində həyatın yaşam sığortasından istifadə edənlərin sayı elə də çox deyil. Buna görə də bu sığorta növü üzrə yeni müqavilələrin sayı az, dövlət sektorunda bağlanan köhnə müqavilələr üzrə ödənişlər isə çoxdur. Bu, ümumilikdə sığorta sahəsində ödənişlərin kəskin artımını şərtləndirir.

Göründüyü kimi, ölkənin əsas ixrac məhsulu olan neftin hasilatındakı azalma, bazardakı qiymət konyukturu gəlirləri azaltmağa başlayandan sonra hökumət daxildəki bütün mümkün gəlir mənbələrini dövlət qurumlarına yönəltməyə çalışır. Sığorta sahəsində atılan addımlar artan pensiyaçı sayının muzdlu işçi sayına yaxınlaşması fonunda DSMF-nin gəlirlərini artırmağa hesablansa da, sığorta sahəsində çalışan şirkətlər üçün ciddi çağırışlar formalaşdırır. Bu vəziyyət həm də sığorta şirkətlərinin büdcə qurumları hesabına yaranan nisbətən komfort şərtlərdən daha rəqabətli şərtlərə keçidinə səbəb olur.

Yeni şərtlər isə Şəhriyar Məcidovun sözlərinə görə, sığorta şirkətlərinin könüllü sığorta məhsullarını daha geniş çevrəyə satmaq üçün fəaliyyətlərini aktivləşdirməsini tələb edir. Mütəxəssis həmçinin yeni sığorta alətlərinin tətbiqini də istisna etmir.

Musavat.com