Вернуться назад Распечатать

Deputat səssizliyini pozdu: “Qarşısını almaq lazımdır”

“286 nömrəli məktəbdə baş vermiş hadisəyə oxşar hallar nə normallaşdırılmalı, nə də diqqətdən kənarda qalmalıdır.”

1xeber.media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib. 

O qeyd edib ki, belə ağır və qəbuledilməz hadisənin məktəb mühitində baş verməsi artıq təkcə fərdi hal deyil, cəmiyyətin üzləşdiyi ciddi problemin göstəricisidir.

Deputat vurğulayıb ki, məktəb yalnız təhsil verilən yer deyil, həm də uşaqların davranış və dəyərlərinin formalaşdığı mühitdir və burada aqressiyanın ortaya çıxması ciddi narahatlıq doğurur.

Onun sözlərinə görə, valideynlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Uşaqlarla düzgün ünsiyyət qurmaq, onların psixoloji vəziyyətini anlamaq və aqressiyanın səbəblərini vaxtında müəyyən edib qarşısını almaq vacibdir.

C.Məmmədov əlavə edib ki, təhsil müəssisələrində psixoloji dəstək mexanizmləri gücləndirilməli, maarifləndirmə işləri daha sistemli şəkildə aparılmalıdır.

Qeyd edək ki, aprelin 20-də Bakının 286 nömrəli məktəbində 9-cu sinif şagirdi üstünə spirt tökülərək yandırılıb. Xəstəxanaya çatdırılan məktəblinin vəziyyəti ağırdır. Hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü məktəblinin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.