Вернуться назад Распечатать

Metro bağlanan kimi taksilər niyə bahalaşdı?

Bakının yeraltı nəqliyyat sistemində baş verən qəfil nasazlıq şəhərin hərəkət ritmini ciddi şəkildə pozub. “Ulduz” və “Nərimanov” stansiyaları arasında yaranan texniki problem nəticəsində metro fəaliyyəti dayanıb, sərnişinlər təxliyə olunub. Bu isə paytaxtda yerüstü nəqliyyata böyük axın yaradıb, dayanacaqlarda sıxlıq artıb, taksi xidmətlərində isə yüksək tələbat fonunda qiymətlər kəskin şəkildə bahalaşıb.

1xeber.media xəbər verir ki,məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, metronun stansiyalarının fəaliyyətində yaranan problemlər şəhər infrastrukturunun nə qədər həssas və kritik olduğunu bir daha göstərir:

“Bu fonda taksi xidmətlərində qiymətlərin kəskin şəkildə artırılması isə təəssüf doğuran haldır. Belə yanaşmanı açıq şəkildə sui-istifadə kimi qiymətləndirmək olar. Əslində, taksi xidmətinin əsas prinsiplərindən biri sərnişindaşıma prosesinin əlçatan və balanslı şəkildə təmin olunmasıdır. Lakin mövcud vəziyyətdə qiymətlərin birdən-birə artırılması bu prinsiplərlə ziddiyyət təşkil edir və düzgün yanaşma hesab oluna bilməz. B xidmətlərdən istifadə edənlər elə vətəndaşların özləridir. Həm metrodan, həm də taksidən yararlanan eyni cəmiyyətdir. Maya dəyəri və digər xərclər müəyyən həddə qədər dəyişə bilər, lakin süni və əsassız qiymət artımları yolverilməzdir”.

O deyib ki, burada tələb və təklif məsələsinə də xüsusi yanaşmaq lazımdır:

“Sərnişin sayı və sifarişlər arta bilər, lakin bu, xidmət göstərənlər üçün əlavə qazanc imkanı olmaqla yanaşı, vətəndaşlar üçün narazılıq yaradan faktora çevrilməməlidir. Əksinə, bu cür hallar xidmət keyfiyyətinin artırılmasına stimul verməlidir. Qısa məsafələr üçün yüksək qiymətlərin tələb olunması və eyni zamanda taksi çatışmazlığının yaranması cəmiyyətdə haqlı narazılıq doğurur. Bu isə ümumi xidmət sisteminə və vətəndaş məmnuniyyətinə mənfi təsir göstərir. Nəticə etibarilə, belə hallardan qaçmaq vacibdir. Xidmət sahəsində fəaliyyət göstərən hər kəs anlamalıdır ki, qarşı tərəf elə öz vətəndaşımızdır. Buna görə də süni qiymət artımları nə etik, nə də qəbulolunandır. Əsas məqsəd vətəndaş məmnuniyyətini qorumaq və xidmətləri ədalətli prinsiplər əsasında təqdim etmək olmalıdır”.

Qeyd edək ki, taksi qiymətləri əlverişsiz hava şəraiti və artan tələbat fonunda ötən günlə müqayisədə tətbiqlərdə orta hesabla 15-25% yüksəlib. Bazarda avtomobil sayının azalması və pik saatlardakı sıxlıq minimum gediş haqlarının bir çox platformada 3.20 - 3.50 AZN səviyyəsinə qalxmasına səbəb olub.