Şəki Şəhər İcra Hakimiyyəti "Zəngəzur Group” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
1xeber.media Qaynarinfo -ya istinadla xəbər verir ki, müqavilədə 2026-cı il ərzində beynəlxalq, respublika və şəhər əhəmiyyətli tədbirlərinin keçirilməsi məqsədilə mal-material və tərtibat işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 41 250 manatdır.
İcra Hakimiyyəti bu məbləğə gül buketi, bayraqlar, şar, döş nişanları və bu kimi mallar alacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Zəngəzur Group” MMC 13 iyul 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Zəngilan rayonunun Ağalı kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev Emin Fazil oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Şəki Şəhər İcra Hakimiyyəti ötən il də "Zəngəzur Group” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 39 990 manat olan bu müqavilə də bayram tədbirləri üçün əlaqədar mal-materialların satın alınması ilə bağlı olub.