Вернуться назад Распечатать

1 milyondan çox insan ictimai nəqliyyatda NFC-dən istifadə edir

"Kapital Bank" 2025-ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm 2024-cü illə müqayisədə 15 faiz artım deməkdir. İstər aktivlərin, istərsə də öhdəliklərin uğurlu idarə edilməsi bilavasitə bankın maliyyə nəticələrində öz əksini tapır.

1xeber.media xəbər verir ki, bu barədə "Kapital Bank"ın İdarə Heyətinin sədrinin 1-ci müavini Cavid Mirzəyev bankın ötən ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bankın 2025-ci il ərzində toplam faiz gəlirləri 1 milyard 173 milyon 779 min manat təşkil edib.

“Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz çoxdur. Bu artımın təməlində həm korporativ, kiçik və orta biznes, həm də fiziki şəxs olan müştərilərimizin sayının əhəmiyyətli dərəcədə çoxalması dayanır. 2025-ci ilin sonuna audit olunmuş maliyyə hesabatlarına əsasən, "Kapital Bank" 11 milyard 573 milyon 501 min manat dəyərindəki cəmi aktivləri ilə ölkədə ən böyük banklardan biri olaraq qalır. 2025-ci il sonu etibarilə cəmi kapitalımızın həcmi ötən illə müqayisədə artaraq 1 milyard 332 milyon 504 min manata çatıb. Ötən illə müqayisədə kredit portfelimizdə 2,08 faiz artım qeydə alınıb və ilin sonuna ümumi məbləğ 5 milyard 96 milyon 511 min manat olaraq bank aktivlərinin 44 faizini təşkil edib. 2025-ci ilin sonuna "Kapital Bank"ın likvidlik örtmə əmsalı 137,9 faiz təşkil edib. 2025-ci ilin sonuna likvidlik örtmə əmsalımız (LCR) isə milli valyutada 102,7 faiz, xarici valyutada 310 faiz, ümumilikdə isə 137,9 faiz təşkil edib”, - deyə Cavid Mirzəyev vurğulayıb.

İdarə Heyətinin sədrinin 1-ci müavini onu da qeyd edib ki, bank 2025-ci ildə aidiyyatı dövlət qurumları və "Bakı Kart"la əməkdaşlıq edərək oktyabr ayından etibarən ictimai nəqliyyatda ödənişlərin rəqəmsallaşmasını təmin edib: ““Kapital Bank”ın 1 milyondan çox müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir. Rəqəmlərlə danışsaq müştərilərimizin 1 milyondan çoxu bu həlldən istifadə edir. Bu isə bazar payının 55 faiziini təşkil edir”.