“Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, müəyyənləşdirdiyi regional siyasi inkişaf xətti bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Beşinci Antalya Diplomatiya Forumunda aparılan müzakirələr dövlətimizin nəinki Cənubi Qafqazda, o cümlədən Avropa məkanında mühüm önəmini bir daha təsdiqləmiş oldu”.
1xeber.media "Unikal"a istinadən xəbər verir ki, bunuaçıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Forum yaşadığımız və bizə yaxın coğrafiyalarda kataklizmlərin gücləndiyi bir dövrdə geostrateji stabilliyin düstürunu müəyyənləşdirməyə çalışdı. Bu düstur daha çox Azərbaycan Prezidenti İlham Əliyevin Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi görüşlərlə izah edilir. Məsələn, dövlət başçımızın aprelin 17-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü zamanı səsləndirilən fikirlər Bakının Yaxın Şərqdə gedən yeni stabilləşmə prosesindəki mövqeyini ortaya qoydu. Müzakirələrdə Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığının vurğulanması təsadüfi sayıla bilməz. Bu sırada əsas mövqe təbii ki, enerji sahəsindəki əməkdaşlığa söykənir. Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsi Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, ümumilikdə bu ölkənin inkişafında önəmli rol oynayır. Bu fakt bir daha Bakının yeni inkişaf perspektivində Qlobal Cənubun tərkib hissəsi olan Yaxın Şərqdə gedən proseslərdəki aktiv iştirakını təsdiqləyir.
Məlumdur ki, Bakı və Ankara TDT-nin aparıcı simalarından sayılırlar və təşkilatın yeni nizamda mühüm bir mövqe tutması üçün səy göstərirlər. Antalya Forumu həm də bu mənada xüsusi əhəmiyyət daşıyır. Fərqli ölkələrdə iqtidarın dəyişməsi isə təşkilata münasibətdə fərqlilik yaratmır - bütün dövlətlər anlayırlar ki, Şuşa Bəyannaməsi üzərindən formalaşan yeni regional təhlükəsizlik konsepsiyası dolayısı ilə TDT-nin təhlükəsizlik doktrinasıdır. Bu doktrina yeni münasibətlər sisteminin müəyyənləşməsində əsas açardır - Yaxın Şərqdə yaşanan problemlərin həlli prosesində, sülh danışıqları və ya sülh tənzimləmələri zamanı, regionla bağlı qlobal dəyərləndirmələrin müzakirəsində bu konseptual sənəd vacib şərt kimi nəzərə alınır. ADF bu birliyin, dolayısı ilə yeni nizamda artıq ətrafında güc mərkəzi formalaşdırmış perspektiv təşkilatın maraqlarının diqqətə alınmasının vacibliyini ortaya qoydu. Burada da Azərbaycan amili ön plandadır - Bakı stabilləşdirici faktor kimi təşkilatın Şərq-Qərb təmərküzləşməsinin əsas dayaq nöqtəsi sayılır.
Millət vəkilinin sözlərinə görə, Bakı yeni mərhələdə türk dünyasının Qərblə əlaqələrinin daha da güclənməsi yönündə yorulmaz səy nümayiş etdirir. Bu isə analoji əlaqələrin daha da güclənməsi perspektivini formalaşdırır. ADF çərçivəsində aparılan müzakirələr də bunu təsdiqləyir. Azərbaycanın müəyyənləşdirdiyi siyasi xətt nümunə hesab olunur.
Samir Vəliyevin fikrincə, Forumun ən diqqətçəkən məqamlarndan biri də Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının növbəti təcəssümüdür: “Forumun açılış mərasimindən öncə bu 3 ölkənin liderinin yanaşı dayanması bütün dünyaya açıq mesajdır: “Üç ölkə arasındakı çoxşaxəli əlaqələr mühüm sahələri əhatə etməklə yanaşı, strateji məsələlərdə qarşılıqlı dəstəyin nümayişi həm də mühüm güc mərkəzi kimi çıxış etməyə imkan yaradır. Bunun nəticəsidir ki, bu üç ölkənin dövlət və hökumət başçıları, rəsmi strukturları, ictimai-siyasi sektoru arasında mütəmadi müzakirələr aparılır, fikir mübadilələri həyata keçirilir, birgə layihələr icra olunur. 3 dövlətin birliyi regional təhlükəsizliyin təmini üçün də əsaslı xəttdir - hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi istehsalat sahələrində Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli əməkdaşlıqlarının inkişaf perspektivləri bölgənin təhlükəsizlik seqmentinin inkişafına töhfə verir. Beləliklə, yeni iqtisadi-siyasi münasibətlərin formalaşdığı hazırki zamanda dövlətlərimizin maraqlarını bir daha uzlaşdırması, münasibətlərin fərqli konturlar üzrə təmərküzləşdirilməsi vacib şərt kimi meydana çıxır. Nümayiş etdirilən Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir. Bu güc mərkəzi isə öz növbəsində təhlükəsizlik, inkişaf və tərəfdaşlığın yüksəlməsinə töhfələr verir”,-deyə deputat vurğulayıb.