Suriyadan 5 nəfər azərbaycanlı repatriasiya olunub.
Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilən mərhələli və koordinasiyalı tədbirlər nəticəsində növbəti repatriasiya prosesi baş tutub.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2023-cü il tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq qaydalara uyğun olaraq, 21 aprel 2026-cı il tarixində Suriya Ərəb Respublikasının münaqişə bölgəsindən 2 qadın və 3 uşaq olmaqla ümumilikdə 5 Azərbaycan vətəndaşı Türkiyə üzərindən ölkəmizə gətirilib.
Məlumata görə, ilkin mərhələdə repatriantların yeri, şəxsiyyəti və vətəndaşlığı müəyyən edilib, daha sonra onların Türkiyə ərazisinə keçidi təmin olunub. Bununla yanaşı, aidiyyəti dövlət qurumlarının nümayəndələri İstanbul şəhərinə ezam edilərək repatriantların ilkin tibbi və psixoloji müayinəsini həyata keçiriblər.
Qeyd olunub ki, Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluğu tərəfindən koordinasiya işləri aparılıb, vətəndaşlar qayıdış şəhadətnamələri və aviabiletlərlə təmin olunublar.
Nəticədə, aprelin 21-də nümayəndə heyətinin müşayiəti ilə həmin şəxslərin Azərbaycana repatriasiyası həyata keçirilib.
Nazirlikdən bildirilib ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər davam etdiriləcək. Həmçinin vurğulanıb ki, xarici ölkələrdə silahlı münaqişələrdən zərər çəkmiş Azərbaycan vətəndaşlarının geri qaytarılması prosesi bundan sonra da davam etdiriləcək.