Beynəlхalq axtarışda olan daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib.
1xeber.media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Salyan Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Şəhruddin Göylərov yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət əməlini törətməkdə təqsirləndirilərək məhkəmədən yayınmaqla gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Sumqayıt Şəhər Polis İdarəsində istintaq olunan cinayət işi üzrə Elşad Ələsgərovun 15 000 (on beş min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Hazırda qeyd olunan şəxslərlə bağlı müvafiq prosessual tədbirlər davam etdirilir.