Astanada regionun ən böyük davamlı inkişaf tədbirlərindən biri olan Beynəlxalq Yaşıl Texnologiyalar və Davamlı Həllər Sərgisi - “RES 2026 EXPO” davam edir. Sərgi Regional Ekoloji Sammit (RES-2026) çərçivəsində təşkil olunub.
1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə həm peşəkar, həm də ictimai gündəliyi əhatə edən geniş biznes və mədəni proqram təqdim olunur.
Bu günün əsas mövzularından biri Aral dənizinin xilas edilməsidir. Mütəxəssislər Aral dənizi hövzəsində aktual ekoloji, sosial-iqtisadi və su problemlərinin həllində ən yaxşı təcrübələri müzakirə edəcəklər. Xəzər bölgəsində metan emissiyalarının azaldılması ilə bağlı dəyirmi masa müzakirəsi də planlaşdırılır.
Günün əsas tədbiri isə “ECO Startup Competition Central Asia” olacaq. Regional startap müsabiqəsinin bir hissəsi olaraq, finalçılar ekologiya və iqlim texnologiyaları sahəsindəki innovativ layihələrini və texnoloji həllərini beynəlxalq münsiflər heyətinə, investorlara və sənaye nümayəndələrinə təqdim edəcəklər. Sessiya Mərkəzi Asiyada regionun davamlı inkişafına praktiki töhfə verə biləcək ən perspektivli təşəbbüslərin müəyyən edilməsi üzrə platforma rolunu oynayacaq.
Müsabiqə Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzi tərəfindən təşkil olunur.
Xatırladaq ki, “RES 2026 EXPO” beynəlxalq sərgisi 22-24 aprel tarixlərində Astanada keçirilir və 30 ölkədən 300-dən çox şirkəti, 1500-dən artıq nümayəndəni və 20 minə yaxın peşəkar ziyarətçini bir araya gətirir. Azərbaycan sərgidə milli pavilyonu ilə təmsil olunur.