Aprelin 21-də Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib.
Bu barədə 1xeber.media-ya Tovuz-Qazax Regional Təhsil İdarəsindən məlmat verilib:
"Sosial şəbəkələrdə Ağstafa rayonunda şagirdin bıçaq xəsarəti alması barədə məlumat yayılıb. Məsələ ilə bağlı bildiririk ki, aprelin 21-də Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".
*** 10:38
Ağstafada məktəbliyə xəsarət yetirən şəxslə bağlı axtarışlara başlanıb.
1xeber.media-nın məlumatına görə, Ağstafa rayon Polis Şöbəsinə rayonun 3 saylı tam orta məktəbinin şagirdi, 8-ci sinif şagirdi U. İ-yə digər məktəbli tərəfindən kəsici-deşici alətlə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Hazırda həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
*** 10:14
21.04.2026-cı il tarixində saat 14:10 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1xeber.media xəbər verir kİ, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib. İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
***
Ağstafada bıçaqlanma baş verib.
1xeber.media-nın məlumatına görə, hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin şagirdi 2012-ci il təvəllüdlü U.İ sol bud nahiyəsinin kəsilmiş deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.