Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
İmtahanda maksimum (300) bal toplayan 9 nəfər olub.
Həmin abituriyentlərdən biri, Bakı şəhəri, 18 saylı orta məktəbin şagirdi Zəhra Zərbəliyeva sevincini “Yeni Sabah”la bölüşüb.
O bildirib ki, özündən maksimum nəticəni gözləyirmiş, bu ona sürpriz olmayıb:
“Əvvəlcədən özümə əmin idim. Bilirdim ki, texniki yanlışlıq olmasa bu balı toplayacağam. 9-cu sinifdən hazırlıqlara gedirəm. Bu nəticəyə görə, birinci anama, sonra müəllimlərimə və özümə təşəkkür edirəm. 1-ci qrupa hazırlaşıram. Proqramlaşdırma ixtisasına qəbul olmaq istəyirəm. Seçimim ADA Universiteti olacaq”.
Z.Zəhra bildirib ki, imtahanlara hazırlaşdığı müddətdə telefondan və sosial media hesablarından da istifadə edib. Ancaq dərslərinə ciddi yanaşıb”.
300 balı toplayan abituriyentlərdən biri də Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Samir Tağızadədir. O da saytımıza imtahan nəticəsi ilə bağlı danışıb:
“Sualları əvvəlcədən yoxlamışdım. Bilirdim ki, ciddi səhvim yoxdur. Ona görə də bu balı gözləyirdim. İmtahanlara repititor yanına gedərək hazırlaşmışam və düşünürəm ki, hazırda bunu etmədən imtahanda nəticə göstərmək mümkünsüzdür”.
T.Samir əldə etdiyi uğura görə, hamıya təşəkkür etdiyini vurğulayıb:
“Bu yolda yanımda olan hamıya, ailəm, müəllimlərim və özümə təşəkkür edirəm. Arada fərq qoymaq istəmirəm. Onların dəstəyi böyükdür”.
Atası Bakı Dövlət Universitetində riyaziyyat fənnindən dərs desə də, Samir özü cərrah olmaq niyyətindədir:
“4-cü ixtisas qrupu üzrə hazırlaşıram. Cərrahiyyə sahəsində özümü görürəm və seçimim Tibb Universiteti olacaq”.
Samir onu da qeyd edib ki, imtahana hazırlaşdığı vaxt ərzində sosial şəbəkələrdə aktiv olmayıb, ancaq telefondan istifadə edərək, əyləncəyə də zaman ayırıb:
“Universitetə hazırlaşanlara tövsiyəm odur ki, əsas dərslərinə fikir versinlər, lakin özlərini həyatdan məhrum etməsinlər”.
Bu, Samir Tağızadənin ilk uğuru deyil. O, 2025-ci ilin yanvarında Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Əlaçı" verlişində qalib olaraq “Əlaçı” adını qazanıb.
Qeyd edək ki, martın 15-i tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş imtahan iştirakçıları arasında 9 nəfər, Bakı şəhəri, 18 saylı orta məktəbdən Zərbəliyeva Zəhra Polad qızı, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Həsənli Bəxtiyar Vüqar oğlu və Vəlizadə Rafiq Ramil oğlu, Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyadan Tağızadə Samir Hikmət oğlu, Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbi Qayıbova Emiliya Vitalik qızı, Mingəçevir şəhəri, Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydən Məcidli Burlaxatun Bəhruz qızı, Sumqayıt şəhəri, 17 saylı orta məktəbdən Əsgərov Əli Mübariz oğlu, Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseydən Məmmədli Nəslihan Ruhin qızı, Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseydən Xammədova Zəhra Xamməd qızı sözügedən imtahanda 300 bal toplamaqla maksimum nəticə göstərib.