Вернуться назад Распечатать

Rəşad Məcidin "Qarabağ"la bağlı paylaşımına İTV rəhbəri belə cavab verdi

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcidin  "Sabah" futbol klubunun adı ilə bağlı paylaşımı sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

1xeber.media-nın məlumatına görə yazıçı-jurnalist qeyd edib ki, bu komanda çempion olsa belə, "Qarabağ"ın yaratdığı ümummilli həyəcanı yaşada bilməz. Onun fikrincə, "Qarabağ" adı işğal dövründə xalq üçün həm də siyasi və diplomatik dividend idi. Rəşad Məcid "Araz", "Turan" və ya "Zəngəzur" kimi adların daha çox emosiya yaradacağını bildirərək, "Sabah" adının belə hekayə quracağına inanmadığını vurğulayıb.

Bu fikirlərə İctimai Televiziyanın rəhbəri Balakişi Qasımovdan fərqli reaksiya gəlib. O, zarafatla belə bir təklif irəli sürüb ki, bəlkə çempion olan hər komanda adını bir illik dəyişib "Qarabağ" etsin. 

Rəşad Məcid cavabında "Sabah"ın oyununu bəyəndiyini və vaxtilə eyniadlı qəzet açmaq istədiyini desə də, əvvəlki fikrində qalıb. O, kütləvi rəğbət üçün adın arxasında mütləq bir hekayənin dayanmalı olduğunu diqqətə çatdırıb.