Вернуться назад Распечатать

Tahir Tağızadə “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif edilib

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunub.

1xeber.media xəbər verir ki, bununla bağlı aprelin 23-də Macarıstan Xarici İşlər və Ticarət Nazirliyində təltifolunma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Adam Ştifter səfiri Macarıstan Prezidentinin qərarı ilə təqdim olunan yüksək səviyyəli müstəsna ordenlə təltif edilməsi münasibətilə təbrik edib, onun Macarıstanda fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirib. Qeyd edib ki, 2021–2026-cı illərdə Macarıstan və Azərbaycan arasında əməkdaşlıq siyasi, iqtisadi, enerji, təhsil və mədəniyyət sahələrində yeni nailiyyətlərlə zənginləşib. Bu irəliləyiş son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasında, ticarət dövriyyəsinin genişlənməsində, regional və beynəlxalq platformalarda davamlı qarşılıqlı dəstəkdə, həmçinin Macarıstanda təhsil alan tələbələrin sayının artmasında öz əksini tapıb. Macarıstan dövlət katibinin müavini səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Səfir Tahir Tağızadə fəaliyyətinin dost ölkədə yüksək qiymətləndirilməsinə və Macarıstan dövlətinin ali mükafatı ilə təltif olunmasına görə təşəkkürünü ifadə edib. Səfir iki ölkə arasında müxtəlif sahələr üzrə məmnunluq doğuran əməkdaşlığa toxunaraq, mövcud müsbət inkişafın qarşıdakı illərdə də davam edəcəyinə əminliyini bildirib. O, 2025-ci ilin mayın 20–21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü xatırladaraq, həmin tədbirin ilk dəfə olaraq müşahidəçi statusuna malik, habelə Avropa İttifaqına üzv ölkə tərəfindən uğurla təşkil olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.