Вернуться назад Распечатать

Azərbaycan və Latviya arasında iqtisadi əlaqələr genişlənir

Azərbaycan Prezidenti İlham Əliyev ilə Latviya Prezidenti Edqars Rinkeviçs arasında
Bakıda keçirilən görüş həm siyasi, həm də iqtisadi baxımdan diqqət çəkən məqamlarla yadda
qaldı.
Görüş zamanı tərəflər yalnız rəsmi bəyanatlarla kifayətlənməyib, real əməkdaşlıq
istiqamətlərini də konkret şəkildə müzakirə ediblər. Bu isə onu göstərir ki, münasibətlər artıq
formal çərçivədən çıxaraq daha praktik mərhələyə keçməkdədir.
Prezident İlham Əliyevin çıxışında əsas vurğu əməkdaşlığın genişləndirilməsi və
konkret nəticələr əldə olunması üzərində qurulmuşdu. Xüsusilə energetika, nəqliyyat,
rəqəmsallaşma kimi sahələrin qeyd olunması təsadüfi deyil. Azərbaycan son illərdə bu
istiqamətlərdə ciddi inkişaf edib və tərəfdaş ölkələrlə bu potensialı bölüşmək istəyir. Bu, həm
də ölkənin regional logistika və enerji mərkəzi kimi rolunu gücləndirmək strategiyasının bir
hissəsidir.
Latviya Prezidenti Edqars Rinkeviçsin çıxışı zamanı Bakının son 9 ildə tanınmaz
dərəcədə dəyişdiyini deməsi Azərbaycanın keçdiyi inkişaf yoluna verilən açıq mesajdır. Bu cür
ifadələr diplomatik nəzakətdən əlavə, real iqtisadi və infrastruktur dəyişikliklərinin də
göstəricisidir. Diqqət çəkən digər məqam Latviyanın Azərbaycanı “strateji tərəfdaş və dost”
kimi xarakterizə etməsidir. Bu ifadə diplomatiyada təsadüfi işlədilmir və tərəflər arasında
uzunmüddətli əməkdaşlıq niyyətini göstərir. Xüsusilə Avropa ilə münasibətlər fonunda bu cür
yanaşma Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini göstərir. Rinkeviçsin nümayəndə
heyətinin geniş tərkibdə olması barədə dedikləri də mühüm siqnaldır. Bu, sadəcə protokol
səfəri deyil, real layihələrin və iqtisadi imkanların müzakirəsinə yönəlmiş işgüzar səfərdir. Yəni
tərəflər konkret nəticələrə hesablanmış əməkdaşlıq qurmağa çalışırlar.
Ümumilikdə bu səfər Azərbaycan-Latviya münasibətlərində yeni mərhələnin başlanğıcı
kimi qiymətləndirilə bilər. Siyasi dialoq artıq mövcuddur, indi əsas məsələ bu münasibətləri
iqtisadi layihələr və qarşılıqlı investisiyalarla daha da dərinləşdirməkdir. Bu isə hər iki ölkə
üçün həm regional, həm də beynəlxalq səviyyədə əlavə imkanlar yarada bilər.
Orxan Həsənli,
Sabirabad rayon sakini, fəal gənc