Son günlər Qərb mediasında baş verənlər təsadüfi informasiya xaosu deyil. Bu, daha böyük bir prosesin – yeni “təhlükə obrazı”nın formalaşdırılmasının tərkib hissəsidir.
1xeber.media xəbər verir ki. bu barədə araşdırmaçı jurnalist Elbəyi Həsənli qeyd edib.
O bildirib ki, ABŞ-da fəaliyyət göstərən “Responsible Statecraft” platformasında dərc olunan məqalədə açıq şəkildə göstərilir ki, Türkiyə ilə İsrail arasında gərginlik reallıqdan çox mediada şişirdilir:
“Məsələn, Türkiyə Prezidenti Ərdoğanın iki il əvvəlki çıxışı yenidən dövriyyəyə buraxıldı və guya yeni hərbi təhdid kimi təqdim edildi. Bu saxta interpretasiya qısa zamanda sosial şəbəkələrdən çıxaraq əsas media axınına keçdi.
Və proses bununla bitmədi. Bəzi media qurumları Türkiyəni artıq “Yeni İran” kimi təqdim etməyə başladı. Bu, sadəcə müqayisə deyil — bu, gələcək siyasətin ideoloji bazasıdır.
Türkiyə xarici işlər naziri Hakan Fidanın fikri isə prosesi açıq şəkildə izah edir: “İsrail özü üçün yeni düşmən formalaşdırmağa çalışır”. Bu, artıq informasiya yox, strategiyadır.
Bu fonda Böyük Britaniyanın “Telegraf” (The Telegraph) qəzeti xüsusi qalmaqalın mərkəzinə düşdü. Qəzet Ərdoğanın guya İsraili işğal etməklə hədələdiyini yazdı. Daha sonra isə bu məlumatın əsassız olduğu ortaya çıxdı və nəşr üzr istəməyə məcbur oldu: “Sitatlar ya köhnədir, ya da tamamilə uydurmadır”.
Amma məsələ burasındadır ki, təkzib həmişə gec gəlir.
İnformasiya əvvəlcə yayılır, təsir edir, sonra düzəldilir. Amma artıq ictimai rəy formalaşmış olur.
Bu gün Türkiyə ilə bağlı “təhlükə” narrativi əvvəlcə mediada qurulur, sonra siyasi ritorikaya keçir. İsrailin Baş naziri Netanyahu Türkiyənin regiondakı rolunu açıq şəkildə risk kimi təqdim edir. Keçmiş baş nazir Bennett isə daha irəli gedərək, Türkiyəni “gələcək İran” kimi xarakterizə edir.
Yəni proses sistemlidir.
Və ən təhlükəli məqam budur: bu, artıq cəmiyyətlərə də sirayət edir. Sorğular göstərir ki, Türkiyədə İsrailə qarşı münasibət kəskin şəkildə mənfiləşib. Hətta bir çoxu hesab edir ki, İranla bağlı ssenari sabah Türkiyəyə tətbiq oluna bilər.
Bu, sadəcə informasiya müharibəsi deyil, qarşıdurmanın psixoloji mərhələsidir”.