Вернуться назад Распечатать

Qida zənciri obyektlərinin standartlara uyğun tikintisi ilə bağlı təcrübələr təhlil olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə “Təhlükəsiz qidanın memarlığı” mövzusuna həsr olunmuş konfrans keçirilib.

1xeber.media xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, memarlar, şəhərsalma üzrə mütəxəssislər, qida sənayesi təmsilçiləri və AQTA yanında Məşvərət Şurasının üzvləri iştirak ediblər.

Konfransın keçirilməsində məqsəd qida zənciri obyektlərinin milli və beynəlxalq standartlara uyğun olaraq planlaşdırılması, layihələndirilməsi və tikintisi ilə bağlı ən yaxşı təcrübələrin müzakirəsini və təşviqini təmin etməkdir.

Tədbirin rəsmi hissəsində agentliyin sədri Qoşqar Təhməzli çıxış edərək dövlətin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyətinin xüsusi rol oynadığını vurğulayıb. O qeyd edib ki, əlçatan mənzil təminatı və dayanıqlı şəhər inkişafı dövlətimizin başçısı tərəfindən əsas strateji prioritetlərdən biri kimi müəyyən olunub. Bildirilib ki, bu kontekstdə 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, həmçinin Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının Azərbaycanda keçirilməsi vahid və məqsədyönlü yanaşmanın mühüm tərkib hissəsidir.

Qoşqar Təhməzli çıxışında AQTA-nın fəaliyyətində qlobal çağırışlara çevik uyğunlaşmanın təmin edilməsi, eləcə də şəhərsalma proseslərinə töhfə verilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, qida təhlükəsizliyi sahəsində müasir yanaşmaların tətbiqinin şəhər mühitinin sağlam və dayanıqlı inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Azərbaycanda memarlıq və şəhərsalma sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, şəhərlər sosial infrastruktur, təhsil, səhiyyə, nəqliyyat və məşğulluq imkanlarına görə daha cəlbedicidir. Bu isə urbanizasiya məsələsini qlobal çağırışa çevirir. Əməkdar memarın sözlərinə görə, Azərbaycanda urbanizasiya ilə bağlı məsələlərin həlli istiqamətində ciddi işlər görülür. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin digər bölgələrində də geniş quruculuq və abadlıq işləri aparılır, sosial və iqtisadi infrastruktur yaradılır.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Nasar Hayat “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və Ümumdünya Şəhərsalma Forumuna hazırlıq kontekstində belə bir konfransın təşkilini yüksək qiymətləndirərək iştirakçılara uğurlar arzulayıb.

Daha sonra konfrans plenar hissə və panel iclaslarla davam edib.

Konfrans çərçivəsində təhlükəsiz qida mühitinin formalaşdırılmasında memarlıq və şəhərsalmanın rolu, müasir yanaşmalar və beynəlxalq təcrübə, eləcə də bu sahədə qarşıda duran çağırışlar müzakirə olunub.