Dövlət baba diplomatiyaya görə bu gün Ermənistana benzin satar, taxılın yolunu açar, sabah isə elə vəziyyət yaranar ki, erməniyə bir kibrit çöpü də verməz, yollarını kəsər...
Siz elə bilirsiz ki, almanlar xalq olaraq uduzduqları son müharibəyə görə hamını-xüsusilə də qələbəni indi az qala təkbaşına öz adına yazan rusları bağışlayıblar? Əsla. İki şəhərinə atom bombası atıb millətinin sağlamlığına sağalmaz yara vurulan yaponlar necə, ABŞ-ni səmimi dost və müttəfiq kimi qəbul edirlərmi? Belə nümunələr dünyanın hərb tarixində yüzlərlədir. O səbəbdən ermənilər xalq olaraq tarixən düşmən seçdikləri türk soyu ilə barışmayacağını da reallıq kimi qəbullanmaq lazımdır. Bayraqları yandırmaq nədir ki, imkanları olsaydı, o məşəl aksiyasında yenə də türkün evinə, özünə od vurardılar.
Erməni ilə bizim barışmamız necə, mümkünmü? Mən dəfələrlə öz payıma yazmışam ki, yox, belə barışıq imkansızdır. Biz dostlarımızı itirmişik, bəs iki Qarabağ savaşında övladı, əri, qardaşı öldürülənin yarası heç qaysaqlayarmı?
Dövlət babanın bu yöndə diplomatiyası və siyasəti ilə işimimiz yox. 44 günlük müharibədə onilliklərlə çörəyini yediyi, suyunu içdiyi dövlət xəyanətə görə öz öcünü aldı, bağışlamaq da onun ixtiyarındadır. Unutmaq lazım deyil ki, dövlət insan deyil, o şəxsi düşünmür, bir sifəti yoxdur. Biz qəliz bir bölgədə baş verənlər fonunda bu gerçəyi daima xatırlamağımıza ehtiyac var. Dövlət bu gün Ermənistana benzin satar, Rusiya taxılının yolunu açar. Sabah isə elə bir vəziyyət yaranar ki, erməniyə bir kibrit çöpüdə verməz, yollarını kəsər.
Rusiyadan söz düşmüşkən, Ukraynadakı qardaş qırğının, slavyanların bir-birinin qanına susamasının dərin psixoloji yaralarının üzərinə az qala hər gün “duz basılır”. İki qardaş xalqın düşmənçiliyi bir başqa dərddir. Rusiya 5-ci ildir davam edən savaşda işğal zonasını genişləndirib, ən azı 8 milyon ukraynalı dünyanın dörd bir tərəfinə səpələniblər, hər iki tərəfdən itkiləri birə-beş artıb. Hər ikisinin gözünü qan tutub, “Hər şey qələbə üçün ” deyirlər. Amma kimin qələbəsi üçün? Tarixdə qardaş qırğını edən təkcə ruslarla ukraynalılar olmayıb, elə bizim də belə qara tariximiz olub. Amma hər dəfə yada düşəndə yenə günahkar axtarılır...
Soyqırım yalanın 111-ci ilində Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasında(bundan əvvəlki illərdə də belə ediblər, yenə də edəcəklər) Ermənistan dövlət olaraq özünü ayrıca tutur, bu açıq düşmənçilik göstərisini(aksiyasını) pisləyir və s. Amma yaydakı kritik parlament seçkilərindən sonra hakimiyyət dəyişərsə, şübhə yoxdur ki, Ermənistan yenidən dövlət olaraq öz düşmən moduna qayıdacaq. Təsadüfi deyil ki, BBC-nin Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra keçirdiyi sorğuda əksər ermənilər yenə “qan-qan” demiş, Paşinyanı Trampla birgə imzalanan sənədlərə görə xain adlandırmış, barışıq niyyətinə görə yamanlamışdılar...
Emənilər Qarabağda iki millətin taleyində sağalmaz yaralar buraxacaq “miatsum” hərəkatını başlayanda, daha sonra bu torpaqların əzəli sahiblərinin evlərini yandırıb, girov götürüb, öldürüb, sonda da silah gücünə didərgin salanda nə Allah yadlarına düşdü, nə insanlıq. Qaçqınlığın bütün məhrumiyyətlərini yaşamış biri kimi baş verənləri kino lenti kimi indi geri fırlayanda sümüklərim belə sızıldayır...
Ölkənin dörd bir tərəfində qaçqın məzarlıqları var, onların ruhu ermənələr cəhənnəmə, bizi barışıq üçün bağışlayarmı? Nə olsun ki, Xocalı indi azaddır, insanlar yurdlarına qayıdır, amma dərdi unudularmı? Millətlər arasında əbədi düşmənçiliyi heç kimi arzu etmir, bunu müharibədən sonra dəfələrlə yazmışıq.Amma mövzu həssasdır. İndilkdə, gəlin bu “barışıq haqda”şəhid analarının eşidəcəyi səslə danışmayaq. Həm də o şəhid doğmalarını heç nədən üzməyə gərək yox. Ortada barışıq-filan yoxdur, yalnız Azərbaycan dövlətinin xoş niyyəti, təklifləri var. Yaxşı ki, dövlətimizdən rədd olub könüllü olaraq getdilər. Ən doğrusu da bu idi. Birgə yaşamaq üçün bir üz, şans qoymamışdılar, bunu başa düşdülər, getdilər...
Qarabağ elatının ermənilər tərəfindən xaraba qoyulmuş ev-eşikləri isə yenidən və tədricən qurulur. Bunca şəhid qanın yanında yurd, dədə-baba evinin dağılması əlbəttə ki, heç nədir. Amma bu da erməni düşmənçiliyinin nümunəsidir. Bütün Qarabağda on minlərlə belə xaraba qoyulmuş yurdlar var. Dövlət daha gözəl evlər tikir, tikəcək. Amma barışıq üçün qan yaddaşını məsələn, saat əqrəbi kimi 1987-ci ilin 13 fevralından əvvələ çəkmək, “yenidən qurmaq” əslində mümkünsüz işdir...
Musavat.com