Вернуться назад Распечатать

Kartınız təhlükədədir - VACİB XƏBƏRDARLIQ

Rəqəmsal ödənişlərin sürətlə yayılması ilə birlikdə onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin rahatlıqla yanaşı, bu proses istifadəçilər üçün müəyyən təhlükələri də özü ilə gətirir. Xüsusilə bank kartı məlumatlarının qorunması məsələsi diqqətdən kənarda qalmamalıdır.

1xeber.media “Yeni Sabah”-a istinadən xəbər verir ki, mütəxəssislər onlayn alış-veriş zamanı vətəndaşlara bir sıra vacib təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir.

İlk növbədə ictimai Wi-Fi şəbəkələrindən istifadə edərək ödəniş etmək risklidir. Bu cür şəbəkələrdə şəxsi məlumatların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi ehtimalı daha yüksək olur.

Eyni zamanda, istifadəçilərə ünvan hissəsində kilid işarəsi və ya “https:” qeyd olunmayan veb-saytlara kart məlumatlarını daxil etməmək tövsiyə olunur. Bu cür saytlar etibarlı sayılmır və məlumatların oğurlanması riski yarada bilər.

Digər vacib məqam isə kart məlumatlarının brauzer və ya veb-sayt yaddaşında saxlanılmamasıdır. Bu, gələcəkdə mümkün kibertəhlükələrin qarşısını almaq baxımından mühüm addım hesab olunur.

Mütəxəssislər vurğulayır ki, sadə təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşlar həm maliyyə itkilərinin, həm də şəxsi məlumatların oğurlanmasının qarşısını ala bilərlər.