Son illərdə Hesablama Palatası ölkədə dövlət maliyyə nəzarəti sisteminin gücləndirilməsi, büdcə vəsaitlərinin səmərəli və şəffaf istifadəsinin təmin olunması istiqamətində fəaliyyətini daha da genişləndirib. Qurumun həyata keçirdiyi auditlər və verdiyi tövsiyələr dövlət maliyyə idarəçiliyində intizamın artırılmasına, risklərin azaldılmasına və idarəetmənin təkmilləşdirilməsinə mühüm töhfə verib. Eyni zamanda rəqəmsallaşma, analitik yanaşmaların tətbiqi və audit keyfiyyətinin yüksəldilməsi palatanın əsas prioritet istiqamətlərindən biri kimi ön plana çıxıb. Bu istiqamətdə aparılan islahatlar dövlət sektorunda hesabatlılıq və şəffaflıq mühitinin güclənməsinə şərait yaradıb.
1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət maliyyə idarəçiliyi sahəsində həyata keçirilən islahatlar, audit nəticələri və qarşıda duran strateji hədəflər barədə geniş məlumat verib.
- Vüqar müəllim, Hesablama Palatasının yeni dövr üçün müəyyən etdiyi əsas strateji prioritetlər hansılardır və bu prioritetlər dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə necə töhfə verəcək?
- Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi tapşırıqlar dövlət orqanlarının, o cümlədən Hesablama Palatasının məsuliyyətini bir qədər də artırmaqla qarşımızda yeni vəzifələr müəyyən edib. Bu sahədə aparılan islahatlara və onlardan irəli gələn çağırışlara adekvat reaksiya verilməsi üçün 2026-2030-cu illər üçün yeni Strateji Planımız təsdiq edilib, burada 2 strateji məqsəd, 3 yekun və 9 aralıq nəticə müəyyən olunub. Məqsədimiz yüksək keyfiyyətli dövlət auditi ilə dövlət maliyyəsinin idarə edilməsi sisteminin təkmilləşdirilməsini dəstəkləmək, dövlət xidmətlərinin keyfiyyətli, səmərəli və davamlı olmasına töhfə verməkdir.
Növbəti 5 ildə biz diqqəti Dövlət Auditi İnformasiya sisteminin qurulması, digər dövlət qurumların informasiya sistemlərinə inteqrasiyanın yaradılması, mümkün istiqamətlərdə süni intellektin tətbiqi və data analitika alətlərindən istifadənin genişləndirilməsi, ilk dəfə olaraq sektor strateji planların – ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) ayrıca auditi, konsolidə edilmiş maliyyə hesabatlarının auditi, tövsiyələrimiz əsasında dövlət maliyyəsinin idarəedilməsinin təkmilləşdirilməsi, dövlət auditinin keyfiyyətinin artırılması üçün yeni modelin tətbiqi və s. kimi prioritetlərə yönəltməyi hədəfləyirik. Bu prioritetlərin dövlət maliyyəsinin idarəedilməsinə təsirinə gəldikdə isə bildirmək istəyirəm ki,
- dövlət auditi ilə bağlı rəqəmsal həllin tətbiqi hesabatlılıq intizamına, başqa sözlə, hesabatların vaxtında və düzgün təqdim edilməsinə, bəzi hallarda nöqsanların, o cümlədən təhriflərin preventiv üsullarla qarşısının alınmasına, eyni zamanda, data əsaslı qərarların verilməsinə,
- konsolidə edilmiş maliyyə hesabatlarının auditi dövlət sektorunun maliyyə hesabatlılığının etibarlı, düzgün olmasına dair kafi əminliyin əldə edilməsinə, yəni, təhriflərin məbləğinin azalmasına və ya əhəmiyyətli olmamasına,
- OMXÇ-in auditi isə strateji idarəetmənin, o cümlədən strateji planlaşdırma institutunun təkmilləşdirilməsinə, sahələr üzrə inkişafı ölçməyə imkan verən daha təkmil indikatorların müəyyənləşdirilməsinə töhfə verəcək.
- Süni intellekt və rəqəmsal texnologiyaların audit fəaliyyətində tətbiqi ilə bağlı hansı perspektivlər mövcuddur və Hesablama Palatası bu istiqamətdə hansı addımları planlaşdırır?
- Müasir dövrdə audit fəaliyyəti böyük verilənlərin (big data), maşın öyrənilməsi (machine learning) və süni intellektin (AI) kütləvi tətbiqi istiqamətində inkişaf edir. Son dövrdə ölkəmizdə rəqəmsal inkişaf, süni intellektlə bağlı strateji sənədlərin təsdiq olunması da bu sahəyə xüsusi diqqəti tələb edir.
Qeyd etmək lazımdır ki, ali audit orqanları süni intellektin tətbiqinə artıq daha geniş keçid edirlər. Əvvəlki suala cavabda da bildirdiyim kimi, Hesablama Palatası da yeni Strateji Planına uyğun olaraq növbəti illərdə dövlət auditinin rəqəmsal mühitdə daha effektiv təşkilinə və auditin idarə olunmasının süni intellekt əsaslı yanaşmaya keçidinə yönəlmiş fəaliyyəti prioritet kimi müəyyən edib. Süni intellektin tətbiqi ilə audit prosesini fiziki məkandan asılılığını azaltmaq, audit olunan qurumlar ilə məlumat mübadiləsini əsasən elektron platforma üzərindən təmin etməyi hədəfləyirik. Süni intellekt alqoritmləri məlumatların emalı, risklərin müəyyən edilməsi, uyğunsuzluq və pozuntuların avtomatik aşkar edilməsi (əsasən erkən mərhələlərdə) və qərar dəstəyi funksiyalarını yerinə yetirərək audit prosesinin daha çevik, məlumat əsaslı və proaktiv şəkildə icrasına şərait yaradacaq. Bu isə audit fəaliyyətinin səmərəliliyinin artırılmasına, şəffaflığın gücləndirilməsinə və ictimai etimadın yüksəldilməsinə xidmət edir.
Dövlət auditinin rəqəmsallaşdırılması üzrə bir sıra işləri ötən il artıq yerinə yetirmişik. Bura;
- Əsas texnoloji platformanın yaradılması,
- İnformasiya sistemin Hökumət buludunda yerləşdirilməsi,
- Hesabat və məlumatların sistem vasitəsilə əldə edilməsi,
- Standartlaşdırılmış vahid yanaşma, Vahid Giriş Sistemi və elektron imza ilə təsdiq aiddir.
Cari ildə də fəaliyyətlər davam etdirilir. Bura;
- Risk/analitik modulun tətbiqi (120-dən çox meyar əsasında qiymətləndirmələrin aparılması və qurumlara nəticələrin təqdim edilməsi),
- Məlumat əsaslı qərar qəbul edilməsinə yönəlmiş modelin tətbiqi,
- Müxtəlif dövlət informasiya sistemlərinin məlumatlarının müvafiq sistemə inteqrasiyası (ötürülməsi) və vahid analitik mühitin yaradılması,
- Əldə olunan nəticələrin audit planlaşdırması və risk qiymətləndirməsində istifadəsi nəzərdə tutulur.
Müvafiq inkişaf istiqaməti KDMN və büdcə prosesindən irəli gələn fəaliyyətlərin optimallaşdırılmasına və böyük həcmli məlumat bazaları ilə işləmək imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Eyni zamanda, məlumatların təhlilinin avtomatlaşdırılması və keyfiyyətinin yüksəldilməsi hesabına insan və vaxt resurslarından daha səmərəli istifadə olunması təmin ediləcək, ümumi proseslərin effektivliyi əhəmiyyətli dərəcədə artırılacaq.
- Son auditlər üzrə icmal nəticələr büdcə vəsaitlərinin istifadəsi ilə bağlı hansı əsas nöqsanları üzə çıxarıb?
- Hesabatda büdcə qanunvericiliyi, o cümlədən büdcə vəsaitlərinin idarəedilməsi üzrə aşkarlanmış nöqsanlarla ətraflı tanış ola bilərsiz. Mən isə bəzi məsələlərə xüsusi diqqəti yönəltmək istərdim. 36 nəzarət tədbirində büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlamışıq. Müvafiq qurumların büdcəsi üzrə aşağı icra səviyyəsi, nəticə əsaslı dövlət sifarişi münasibətlərinin formalaşdırılmaması, vəsaitlərin istifadəsiz saxlanılmaqla digər hesablara yönəldilməsi, dövlət sifarişi şərtlərindən kənar dövlət vəsaitlərinin xərclənməsi kimi halları müşahidə etmişik. Hesab edirik ki, Hesablama Palatasının da tövsiyələri nəzərə alınmaqla müvafiq icra orqanları tərəfindən fiskal qanunvericiliyin davamlı təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi ilə cari nəzarətin gücləndirilməsi bəzi nöqsanların, o cümlədən vəsaitin təyinatı üzrə istifadəsi, vəsaitlərin icra edilməyərək bank hesablarında saxlanılması üzrə nöqsanların azalmasına xidmət edəcək. İlkin müşahidələr bu istiqamətdə irəliləyişlərin olduğunu deməyə imkan verir.
- Dövlət maliyyə idarəçiliyində son illər həyata keçirilən islahatları necə qiymətləndirirsiniz və bu prosesdə ali audit orqanının rolu nədən ibarətdir?
- İlk olaraq ondan başlayaq ki, ölkəmizdə dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlar bir neçə mərhələni əhatə edir. Son illərdə gedən islahatları 3 yerə bölə bilərik:
2016-2020-cı illəri əhatə edən islahatlar. Əsas çağırışlar Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən edilib.
2021-2025-ci illəri əhatə edən islahatlar. Bu mərhələdə əsas hədəflər öncə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”də və “Azərbaycan Respublikasında 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilib. Ümumi fəlsəfəsi daha çox makro-fiskal proqnozlaşdırma və büdcə planlaşdırılmasının təkmilləşdirilməsinə yönəldilib.
2025-ci ildə dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında dövlətimizin başçısının Fərmanı təsdiq olunub. Bu Fərmanda verilən tapşırıqlar, o cümlədən rəqəmsal informasiya sisteminin yaradılması və rəqəmsal həllərin tətbiqi, xərc normativlərinə yenidən baxılması, dövlət müəssisələri üzrə dividend qaydalarının qəbulu, büdcə xərclərinin optimallaşdırılması və s. məsələlər üzrə tapşırıqlar islahatların yeni mərhələsini ehtiva edir. Ali audit orqanı olaraq bu tapşırıqların icrası üzrə aidiyyəti icra orqanları ilə effektiv əməkdaşlıq etməyə sadiqik, eyni zamanda, dövlət maliyyəsinin idarə olunmasına nəzarəti həyata keçirən qurum kimi üzərimizə düşən vəzifələri yüksək peşəkarlıqla və obyektiv şəkildə icra etmək üçün səylərimizi davam etdirəcəyik.
Bir faktı qeyd etmək lazımdır ki, islahatların əsas xətti kimi müəyyən edilən hədəflər son 13 ildə davamlı olaraq Hesablama Palatasının rəy və hesabatlarında təfsilatlı şəkildə öz əksini tapıb. Yəni Hesablama Palatası olaraq dövlət maliyyəsinin idarəedilməsinin (DMİE-nin) islahat xəttinə davamlı dəstək vermişik. Konkret olaraq deyim ki, məhz Hesablama Palatasının davamlı təklifləri arasında OMXÇ islahatı, fiskal qaydalar, dövlət borcunun idarə edilməsi strategiyası, fiskal risklərin davamlı olaraq təhlil və qiymətləndirilməsi, dövlət satınalmaları üzrə fəaliyyətin təkmilləşdirilməsi, dövlət maliyyəsində strateji planlaşdırma institutunun tətbiqi kimi məsələlər yer alıb.
- Dövlət sektorunda maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində hansı irəliləyişlər əldə olunub və bu sahədə hələ də hansı çətinliklər qalmaqdadır?
- “Mühasibat uçotu haqqında” Qanunda təşkilati-hüquqi formasından asılı olaraq dövlət sektorunda fəaliyyət göstərən bütün qurumlar üçün müvafiq beynəlxalq maliyyə hesabatlılığı çərçivəsi müəyyənləşdirilib. Eyni zamanda, həmin çərçivələrin tətbiqi məqsədilə müvafiq beynəlxalq standartlara uyğun uçot qaydaları təsdiq edilib. Beləliklə, qeyd edə bilərik ki, dövlət sektorunda maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri institusional və normativ baza formalaşdırılıb. Eyni zamanda, müvafiq Qanunda dövlət sektorunda fəaliyyət göstərən qurumların baş mühasibləri üçün peşəkar mühasib sertifikatının əldə edilməsi tələbi müəyyənləşdirilib ki, bu da ümumilikdə müvafiq sahədə kadr potensialının gücləndirilməsinə xidmət edir.
Bundan əlavə, Hesablama Palatası tərəfindən mütəmadi olaraq aparılmış maliyyə auditləri dövlət sektorunda müvafiq istiqamətdə intizamın gücləndirilməsində mühüm rol oynayıb. Bütün bu qeyd olunanlar, dövlət sektorunda təmsil olunan qurumların fərdi maliyyə hesabatlarının maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılmasına böyük töhfə verib. Müvafiq istiqamətdə qeyd edilən müsbət məqamlarla yanaşı, bildirməliyik ki, dövlət maliyyəsi kontekstində fərdi maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun şəkildə tərtib edilməsi öz-özlüyündə məqsəd hesab edilmir. Qurumların hesabatlarının konsolidasiyası üzrə zəifliklərin olmasını müşahidə edirik. İllik hesabatımızda bu məsələ ətraflı şərh edilib. Ayrı-ayrı dövlət orqanlarının tabeliklərindəki təşkilatların göstəriciləri konsolidə edilmiş hesabatlarda bəzən nəzərə alınmır.
Eyni zamanda, bildirməliyəm ki, qurum səviyyəsində birləşdirilmiş hesabatlar dövlət sektoru üzrə konsolidə edilmiş hesabatın həlqələrini təşkil edir. Ona görə də hazırda dövlət sektorunda maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mövcud olan əsas məsələ dövlət sektorunu bütövlükdə və ya onun ayrı-ayrı subsektorlarını əhatə edən və beynəlxalq standartlara uyğun hazırlanmış konsolidə edilmiş hesabatın mövcud olmamasıdır.
- Hesablama Palatasının həyata keçirdiyi auditlərin iqtisadiyyatın real sektoruna və dövlət vəsaitlərinin səmərəli istifadəsinə təsiri necə qiymətləndirilə bilər?
- 2025-ci ilin illik hesabatını fərqləndirən yeniliklərdən biri də məhz sahələr üzrə nəticələrin verilməsidir. 25 əsas nəticəni hesabata daxil etmişik. Bunlardan təxminən 3-də biri iqtisadiyyatın real sektoru ilə əlaqəlidir. Auditlərin obyektlərindən, auditlərin nəticələrindən və auditlə əhatə edilən funksional fəaliyyət sahələrindən asılı olaraq Hesablama Palatası real sektorla bağlı təkliflərini və tövsiyələrini irəli sürür. Hesabata 10 əsas təklifi daxil etmişik. Bunların yarısından çoxu da məhz real sektorla ilə əlaqəlidir. Ümumilikdə, bu sahədə auditlərin təsirini bir neçə istiqamətdə qruplaşdıra bilərik: resurslardan səmərəli istifadə, kölgə iqtisadiyyatının azaldılması, daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi və risklərin idarə olunması və s.
Hesabatımızda əks etdirilən bir təklifi vurğulamaq istərdim. Fermerlərin gəlir və xərclərinin hesabatlılığı, eləcə də gəlirləri fermerlərin xərcləri hesabına formalaşan sahibkarların kölgədən çıxarılması, mikro və makroiqtisadi göstəricilərin timsalında şəffaflaşmanın sürətləndirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarının (mikrosahibkarlar istisna olmaqla) aşağı faiz dərəcəsi ilə mənfəət (gəlir) vergisinə cəlb edilməsini təklif etmişik. Bu təklif yuxarıda qeyd etdiyim bir neçə istiqaməti əhatə edir (həm kölgə iqtisadiyyatının azaldılması, həm daxili nəzarət mexanizmlərin təkmilləşdirilməsi, həm də resurslardan səmərəli istifadə).
- Audit nəticələrinin dövlət qurumları tərəfindən icra səviyyəsini necə qiymətləndirirsiniz və tövsiyələrin real siyasət qərarlarına təsiri hansı səviyyədədir?
- Hesabatda da göstərdiyimiz kimi, 2025-ci ilin İş Planı çərçivəsində nəzarət tədbirlərinin yekunlaşması ilə bağlı 47 kollegiya qərarı qəbul edilib, bu qərarlarla 303 tədbir müəyyən olunub. Bu tədbirlərdən 35-nin qanunvericiliklə icra üçün müəyyən edilmiş müddəti bitməyib, qalan tədbirlərdən 202-si tam, 29-u qismən icra edilib, 37-si isə hesabat tərtib olunduğu vaxtadək icra edilməyib ki, bu da 71,5 faiz icra deməkdir. Bu kifayət qədər yüksək göstəricidir. Eyni zamanda, bildirməliyəm ki, yerdə qalan 28,5 faizinin izlənilməsi də davam etdirilir.
Bundan əlavə, əvvəllər auditini apardığımız qurumda yenidən audit keçirdikdə bunun təsirini də ölçməyə çalışırıq. Audit nəticələrinin təhlili 2 və daha çox sayda audit keçirilmiş obyektlərin 75 faizində Hesablama Palatasının əvvəlki təklif və tövsiyələrinin nəzərə alınması ilə müvafiq obyektlərin maliyyə fəaliyyətlərində intizamın nisbətən gücləndiyini, nöqsanların növlərinin və saylarının, eləcə də nöqsanların maliyyə yükünün davamlı şəkildə azaldığını, dövlət vəsaitlərinə qənaət edilməsi hallarının artdığını göstərir.
Hesablama Palatası olaraq büdcə rəylərimizə də tövsiyələrimizi daxil edirik. Bu istiqamətdə də son illərdə icra faizində əhəmiyyətli yüksəliş müşahidə edilir. Təklif və tövsiyələrimizin icrası bir neçə istiqamətdə həyata keçirilir: vəsaitlərin bərpası, təhriflərin aradan qaldırılması, hüquqi aktlarda dəyişikliklərin aparılması və s.
Ümumiləşdirərək bildirmək istəyirəm ki, təklif və tövsiyələrimizin icra səviyyəsi yüksəkdir. Bununla bağlı icra orqanlarının hesabatlarında məlumatlara rast gəlmək mümkündür. Təklif və tövsiyələrimizin icrası həm ayrı-ayrı qurumların fəaliyyətində, həm də dövlət maliyyəsinin idarəedilməsi sistemindəki (məsələn, təkliflərimiz də nəzərə alınmaqla son illərdə “Büdcə sistemi haqqında” Qanun, “Dövlət satınalmaları haqqında” Qanunda 30-dan yuxarı dəyişiklik) dəyişikliklərlə müşayiət olunur.
- 2025-ci ildə Hesablama Palatasının həyata keçirdiyi ekoloji auditlər hansı nəticələri ortaya qoydu və bu auditlərin nəticələri 2026-cı ildə ekoloji siyasətə necə təsir edə bilər?
- 2025-ci ildə bu sahədə gördüyümüz işlər həm təhlillər, həm də auditlərlə əhatə edilib. Hər biri üzrə əsas nəticələri təqdim etmək istərdim:
İlk olaraq təhlilin nəticələri – OMXÇ çərçivəsində fəaliyyət planlarının hazırlanması, habelə Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq hədəfləri ilə indikatorların tam uzlaşmasının vacibliyi nəzərə alınmaqla indikatorların təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmüşük. Auditlərə gəldikdə isə, hesabat ilində bioloji müxtəliflik sahəsində audit aparmışıq. Bioloji müxtəlifliyin rəqəmsal monitorinqi, elektron informasiya sistemlərinin yaradılması və avtomatlaşdırılmış risk qiymətləndirilməsinin texnoloji prioritetlər kimi müəyyən edilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərində qeyri-qanuni fəaliyyətlərin peyk görüntüləri ilə aşkarlanması, daxili nəzarətin gücləndirilməsi və turizm potensialının ödənişli əsaslarla (müsabiqələr vasitəsilə) effektiv realizasiyası dövlət vəsaitlərinin iqlim hədəflərinə uyğun xərclənməsi, ekosistem xidmətlərindən əldə olunan gəlirlərin birbaşa təbiətin bərpasına yönəldilməsi ilə bağlı təkliflər irəli sürmüşük.
Hesab edirik ki, auditlərin nəticələri 2026-cı ildə iqlim maliyyəsinin daha effektiv idarə olunmasına, vəsaitlərin birbaşa yüksək ekoloji təsirə malik tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsinə və büdcə xərclərinin iqlim hədəfləri ilə uzlaşdırılmasına, habelə OMXÇ üzrə indikatorların təkmilləşdirilməsinə xidmət edəcəkdir.

- 2025-ci ildə dövlət büdcəsinin icrası zamanı aşkarlanan maliyyə intizamı problemlərinin aradan qaldırılması üçün hansı tədbirlər görülüb və 2026-cı ildə bu sahədə hansı risklər aktual olaraq qalır?
- Hazırda Hesablama Palatası olaraq 2025-ci il dövlət büdcəsinin icrasına rəyin tərtibini həyata keçiririk. Sualınıza ətraflı cavabı rəyimizi təqdim etdikdən sonra verməyə çalışacam.
- COP29 çərçivəsində təqdim olunan “İqlim Skaneri”nin nəticələri 2025-ci ildə dövlət qurumlarının fəaliyyətində hansı dəyişikliklərə səbəb oldu və bu alətin 2026-cı ildə audit planlamasına necə təsir edəcəyi gözlənilir?
- Məlum olduğu kimi, iqlim skaneri Hökumətin iqlim sahəsində həyata keçirdiyi fəaliyyətlərin qiymətləndirilməsinə imkan verən alətdir. Bu istiqamətdə görülən işlər kimi aşağıdakılar qeyd edilə bilər.
İlk dəfə olaraq hökumət tərəfindən Paris Sazişi çərçivəsində istilik effekti yaradan qazların azaldılması üzrə milli hədəfləri ehtiva edən “3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC 3.0) sənədi qəbul edilib, dövlət qurumlarının fəaliyyətinin effektivliyinin birbaşa emissiya hədəfləri ilə ölçülməyə başlanılmasına təkan verilib.
Kənd təsərrüfatı, energetika və ekologiya sahələrində karbon emissiyasının azaldılması üzrə qurumlararası əlaqələndirmə mexanizmi gücləndirilib, nəqliyyat sektorunda az emissiyalı nəqliyyat vasitələrinin idxalını stimullaşdıran konkret tədbirlər tətbiq edilib, təhlillər nəticəsində koordinasiyanın zəif olduğu strateji sahələr müəyyən edilərək aidiyyəti orqanlara rəsmi müraciətlər ünvanlanıb, yaşıl satınalmalar, yaşıl büdcə və iqlim maliyyəsi komponentləri dövlət idarəetməsinin gündəliyinə daxil edilib. Dövlət vəsaitlərinin iqlim sahəsində istifadəsi üzrə vahid izləmə və təyinatlı istifadə mexanizmlərinin formalaşdırılması zərurəti prioritet vəzifə kimi müəyyən edilib.
Qeyd edim ki, 2026-cı ildə apardığımız auditlərdən biri də ekoloji fondların auditidir. Auditlə həm də ekoloji fondların resurslarının iqlim tədbirlərinin maliyyələşməsinə cəlb edilməsinin qiymətləndirilməsi nəzərdə tutulur.
- İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma layihələrinin maliyyə idarəçiliyi üzrə 2025-ci ildə aparılmış auditlər hansı nəticələri ortaya qoydu?
- Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər strateji baxımdan böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə apardığımız auditlər layihələrin icrası davam etdiyi üçün əsas post-audit xarakterli deyildir. Auditlərin nəticəsi üzrə aşkarlanan nöqsanların müvafiq məbləğlərə nisbəti əhəmiyyətli sayılmır. Əsas audit nəticələri kimi qeyd edə bilərik ki, bəzi hallarda tikinti layihələrinin icrası prosesində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib. Belə ki, kommersiya (xüsusilə özəl sektor) subyektlərinin vəsaiti hesabına layihələndirilməsi və maliyyələşdirilməsi nəzərdə tutulan bazar kompleksi, məişət xidməti, market və ticarət binalarının tikintisi üzrə xərclər sosial xarakterli xərclər kimi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib, yaşayış evlərinin və mənzillərin daha səmərəli şəkildə layihələndirilməsi təmin edilməyib.
Eyni zamanda, Qarabağa qayıdış çərçivəsində yaşayış məntəqələrinin layihələndirilməsində təbii relyefin tam diqqətə alınmaması, şaquli planlaşdırma həllərində tökmə torpaqdan istifadənin artması ilə yanaşı, əsaslandırılmış zərurət olmadan layihələrdəki qruntun çıxarılması və əks doldurmanın həcminin artması əlavə büdcə vəsaitinə tələbatın yaranmasına səbəb olub.
- 2025-ci ildə dövlət büdcəsinin icrası zamanı bəzi qurumların ayrılmış vəsaitləri vaxtında istifadə etməməsi və satınalma prosedurlarını gecikdirməsi halları qeyd olunmuşdu. 2026-cı ildə bu problemlərin qarşısını almaq üçün hansı mexanizmlərin tətbiqi planlaşdırılır?
- Sualınızın birinci hissəsinə rəyimiz təqdim edildikdən sonra cavab vermək istərdim. Satınalmalara gəldikdə isə. Bu istiqamətdə təhlillərin bəzi nəticələrini açıqlaya bilərəm. Satınalmaların vaxtında keçirilməsi – bu hal üzrə nisbətən irəliləyiş izlənilir. Lakin yenə də satınalmaların əksər hissəsi ilin 2-ci yarısında, xüsusilə son rübdə (təxminən 60 faizi, o cümlədən 4-cü rüb 31,2 faiz) keçirilir. 2025-ci il ərzində müsabiqə əsaslı dövlət satınalmaları həyata keçirmiş 1400-dən çox təşkilatın 900-dən çoxu (təxminən 64 faizi) satınalma fəaliyyətinə yalnız ikinci rübdən etibarən başlayıb.
Bununla yanaşı, təxminən 130 təşkilatın ilk satınalması 6-cı ayda, 70-dən çox təşkilatın isə ilk satınalması 9-cu ayda baş verib. Satınalmaların daha tez başlaması üçün qanunvericilikdə dəyişikliklərin edilməsinə zərurətin olduğunu 2026-cı il büdcə layihəsinə rəyimizi təqdim etdiyimiz zaman qeyd etmişdik.
- 2026-cı ilin dövlət büdcəsinin hazırlanması zamanı Hesablama Palatasının təqdim etdiyi rəy və tövsiyələr hökumətin fiskal siyasətinə hansı istiqamətlərdə təsir göstərə bilər?
- 2026-cı ilin dövlət büdcəsi layihəsinin həcminin kifayət qədər böyük olması ilə diqqəti çəkir. Müstəqillik dövründə qəbul edilmiş ən böyük büdcə olaraq qeyd edə bilərik. Dövlət büdcəsinin həcminin böyüklüyü cəmiyyətin qarşısında duran bir sıra problemlərin həllinə töhvə verməklə yanaşı, eyni zamanda, fiskal intizama köklənməlidir. Hesablama Palatası olaraq 2026-cı ilin dövlət büdcəsi layihəsi ilə bağlı verdiyimiz təkliflərin hədəfləndiyi istiqamətlərə fikir versəniz görərsiz ki, fiskal intizamın gücləndirilməsi mühüm prioritetlərdəndir. Bu səbəbdən, istər büdcə qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də ayrı-ayrı fiskal problemlərin həlli son nəticədə dövlət maliyyəsində intizamın güclənməsinə xidmət etmiş olar.
- Hesablama Palatasının 2026-cı il üçün əsas prioritetləri hansılardır və dövlət maliyyəsinin idarə olunmasının daha səmərəli və şəffaf olması üçün hansı institusional və qanunvericilik dəyişiklikləri planlaşdırılır?
- Rəqəmsallaşdırma ilə bağlı planlarımızı açıqladım. Eyni zamanda, cari ildə audit təsirinin ölçülməsinin yeni meyarlar əsasında həyata keçirməyi, yeni Kommunikasiya Strategiyamızı hazırlamağı, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməyi, digər ölkə AAO-ları ilə paralel auditlərin aparılması praktikasını davam etdirməyi və s. nəzərdə tutmuşuq. Hesablama Palatası olaraq həm “Hesablama Palatası haqqında” Qanuna dəyişikliklərlə bağlı təklif hazırlamışıq. Hazırda müvafiq dövlət orqanları ilə razılaşdırılır. Eyni zamanda, dövlət maliyyəsinin idarəedilməsi üzrə bir sıra hüquqi aktlarda, o cümlədən “Büdcə sistemi haqqında” Qanuna, “Dövlət satınalmaları haqqında” Qanuna və digər hüquqi aktlara təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmişik.