Вернуться назад Распечатать

İspaniya çempionatında qalmaqal: Qapıçı qırmızı vərəqədən sonra rəqibinə yumruq vurub

İspaniya Sequndasında "Real Saraqosa" və "Ueska" komandaları arasında keçirilən derbi qalmaqallı hadisə ilə yadda qalıb.

1xeber.media xəbər verir ki, qarşılaşmanın əlavə vaxtında "Real Saraqosa"nın qapıçısı Esteban Andrada rəqibini itələdiyi üçün ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb. Lakin 35 yaşlı argentinalı qolkiper paltardəyişmə otağına yollanmaq əvəzinə, idman etikasına sığmayan hərəkətə yol verib. O, "Ueska"nın kapitanı Xorxe Pulidonun üzərinə qaçaraq ona yumruq zərbəsi endirib. Bu hərəkət hər iki komanda futbolçularının iştirakı ilə kütləvi qarşıdurmaya səbəb olub.

Hadisəyə görə Andradanın uzunmüddətli diskvalifikasiya ediləcəyi gözlənilir. Matçdan sonra əməlindən peşman olduğunu bildirən qapıçı hər kəsdən üzr istəyib: "Bu, çox pis nümunədir. Həm klubdan, həm azarkeşlərdən, həm də şəxsən Xorxe Pulidodan üzr istəyirəm. Səhvimi etiraf edirəm və liqanın verəcəyi istənilən cəzanı qəbul etməyə hazıram".

Qeyd edək ki, qarşılaşma "Ueska"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Oskar Sielva vurub.