Azərbaycan ilə Ukrayna arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və son illərdə yüksək inkişaf mərhələsi yaşayır. 1992-ci ildən etibarən iki dövlət arasında qurulan diplomatik əlaqələr, xüsusilə 2010-cu ildən sonra daha sürətli inkişaf yolu keçib.
1xeber.media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Media və kommunikasiya departamentinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli söyləyib.
O qeyd edib ki, bu münasibətlərin əsasını hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə müdafiə etməsi təşkil edir. Bu prinsipin nə qədər mühüm və strateji əhəmiyyət daşıdığı 44 günlük Vətən müharibəsində bir daha aydın şəkildə nümayiş olundu. Eyni zamanda, Azərbaycan Ukraynada baş verən müharibənin nəticələrinin aradan qaldırılması prosesində humanitar yardım göstərən ölkələrdən biridir. Bu yardım yalnız maliyyə dəyəri ilə deyil, həm də onun simvolik və mənəvi əhəmiyyəti ilə ölçülür.
Ekspertin sözlərinə görə, müdafiə sənayesi və hərbi texnologiyalar sahəsində əməkdaşlıq da xüsusi diqqət mərkəzindədir. Azərbaycan müasir döyüş texnologiyalarını tətbiq edərək qələbə qazanan ölkə kimi zəngin təcrübəyə malikdir. Bu səbəbdən bir çox dövlətlər, o cümlədən Ukrayna Azərbaycanın hərbi təcrübəsini öyrənməyə maraq göstərir.
Volodimir Zelenskinin Rusiya-Ukrayna danışıqlarının Bakıda keçirilməsi təklifinə də toxunan ekspert bildirib ki, səsləndirilən təşəbbüs reallaşarsa və Bakıda Rusiya ilə Ukrayna prezidentlərinin görüşü baş tutarsa, bu, beynəlxalq siyasi və diplomatik gündəmdə mühüm dəyişikliklərə səbəb ola bilər.