Azərbaycan ərazisində qədim şəhərsalma ənənələrinin formalaşması və inkişafı arxeoloji materiallar əsasında kompleks şəkildə öyrənilən mühüm elmi problemlərdən biridir. Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə arxeoloji materiallar əsasında Azərbaycan ərazisində qədim şəhərsalma ənənələrini araşdırıb, şəhər mühitinin formalaşma mərhələlərini kompleks şəkildə təhlil edib. Onun sözlərinə görə, bu istiqamətdə aparılan tədqiqatlar göstərir ki, müxtəlif tarixi mərhələlərdə yaşayış məntəqələrinin quruluşu, planlaşdırılması və funksional bölgüsü şəhər mühitinin yaranma prosesini əks etdirir. Xüsusilə Tunc dövründən başlayaraq müdafiə sistemlərinin meydana çıxması və məskunlaşma strukturunda baş verən dəyişikliklər şəhərsalmanın ilkin əsaslarını formalaşdırıb.
1xeber.media xəbər verir ki, Məskənlərin təpəlik və dağətəyi ərazilərdə yerləşdirilməsi və relyefdən müdafiə məqsədilə istifadə olunması həmin dövrdə təhlükəsizlik amilinin mühüm rol oynadığını göstərir. Bu xüsusiyyətlər həmin yaşayış məntəqələrinin prot-şəhər xarakteri daşıdığını sübut edir: “Bu mərhələyə aid Kültəpə II yaşayış yeri, Oğlanqala və Üzərliktəpə kimi abidələrdə planlı tikinti, müdafiə sistemləri və sənətkarlıq məhəllələrinin mövcudluğu müşahidə olunur. Yaşayış sahələri ilə təsərrüfat zonalarının ayrılması, tikililərin müəyyən qaydada yerləşdirilməsi və istehsal fəaliyyətinin təşkili şəhərsalmanın ilkin prinsiplərinin formalaşdığını göstərir”.
Tədqiqatçı qeyd edib ki, antik dövrdə və erkən orta əsrlərdə, xüsusilə Qafqaz Albaniyası mərhələsində Azərbaycan ərazisində şəhərsalma daha sistemli və kompleks xarakter alıb. Həmin dövrdə şəhərlər yalnız yaşayış məskəni deyil, həm də inzibati, iqtisadi və mədəni mərkəzlər kimi formalaşıb. Qəbələ kimi iri yaşayış məntəqələri inkişaf etmiş şəhər mühitinin formalaşmasını aydın şəkildə nümayiş etdirir.
Arxeoloji materiallara əsasən, şəhər strukturu müəyyən plan üzrə təşkil olunurdu: mərkəzdə inzibati və dini tikililər yerləşir, ətrafda isə yaşayış məhəllələri və sənətkarlıq zonaları formalaşırdı. Müdafiə divarları, bürclər və xəndəklər şəhərlərin təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilmişdi. Bu xüsusiyyətlər şəhərsalmanın daha inkişaf etmiş mərhələyə keçdiyini göstərir.
Onun sözlərinə görə, Qafqaz Albaniyası dövründə xristianlığın yayılması şəhərsalma strukturuna yeni məzmun gətirib. Kilsə və monastır kompleksləri yalnız dini deyil, həm də ictimai və mədəni həyatın mərkəzi kimi çıxış edib. Bu tikililər çox vaxt yaşayış məntəqələrinin əsas nüvəsini təşkil edib və onların ətrafında yeni məskunlaşma sahələri formalaşıb.
Bu baxımdan Kiş məbədi və Amaras monastırı kimi abidələr şəhərsalmanın ideoloji və funksional baxımdan yeni mərhələyə keçdiyini əks etdirir. Bu komplekslərdə tikinti texnologiyasının inkişafı, planlı memarlıq həlləri və məkanın mərkəzləşdirilməsi prinsipləri aydın şəkildə müşahidə olunur. Qafqaz Albaniyası mərhələsi Azərbaycan ərazisində şəhərsalmanın yalnız iqtisadi deyil, həm də dini və ideoloji əsaslar üzərində formalaşdığı dövr kimi səciyyələndirilir.