Azərbaycanla Ukrayna arasında münasibətlər son illərdə yeni mərhələyə qədəm
qoyaraq daha çox humanitar müstəvidə inkişaf etdirilir. Bu yanaşma təsadüfi deyil və
Azərbaycanın dövlət siyasətindən irəli gəlir. Azərbaycan tarixən münaqişələrdən zərər çəkmiş
ölkə kimi bu cür vəziyyətlərdə olan xalqlara dəstək göstərməyi özünün mənəvi borcu hesab
edir.
Azərbaycan uzun illər ərazi bütövlüyünün pozulması ilə üzləşmiş bir ölkə kimi
müharibənin doğurduğu humanitar fəsadları dərindən anlayır. Məhz bu səbəbdən rəsmi Bakı
müxtəlif regionlarda, o cümlədən Ukraynada yaşayan insanlara humanitar yardımlar göstərir.
Bu yardım yalnız maddi dəstək deyil, həm də sosial və psixoloji dəstəyi əhatə edir.
Humanitar əməkdaşlığın ən mühüm istiqamətlərindən biri müharibədən zərər
çəkmiş uşaqların reabilitasiyasıdır. Onun sözlərinə görə, müharibənin ən ağır psixoloji
zərbəsini məhz uşaqlar alır və bu, onların gələcək həyatına ciddi təsir göstərir. Artıq bir neçə
ildir, Ukraynadan olan uşaqlar üçün Azərbaycanda reabilitasiya proqramları həyata keçirilir. Bu
proqramlar çərçivəsində uşaqlar həm tibbi, həm də psixoloji dəstək alır, eyni zamanda sosial
mühitə adaptasiya imkanları əldə edirlər. Yaxın perspektivdə ukraynalı tələbələr üçün də
analoji proqramların həyata keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüslər iki ölkə arasında
humanitar körpülərin daha da möhkəmlənməsinə xidmət edir.
Yeri gəlmişkən, xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də
Qəbələdə Azərbaycan Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib ki, son illərdəki
ağır bir dövrdə Ukrayna Azərbaycandan 11 yardın paketi alıb və Azərbaycana bu yardıma
görə öz təşəkkürünü bildirib. Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident
İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib: “Siz bizim uşaqlarımıza kömək
edirsiniz. Uşaqlarımız, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə
üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu
dəstəyə görə Sizə minnətdarıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb”.
Ukraynada enerji infrastrukturunun zədələnməsi nəticəsində yaranmış vəziyyət mülki
əhali üçün ciddi çətinliklər yaradıb. Xəstəxanalar, sosial obyektlər və yaşayış məntəqələri
elektrik enerjisi çatışmazlığından əziyyət çəkir. Bu kontekstdə Azərbaycan Ukraynaya elektrik
generatorları göndərməklə humanitar dəstəyini davam etdirir. Bu addım insanların gündəlik
həyatının təmin olunmasına və xüsusilə həssas qrupların qorunmasına xidmət edir. Bu cür
praktiki yardımlar Azərbaycanın dost və tərəfdaş ölkələrə münasibətdə sərgilədiyi səmimi
yanaşmanın göstəricisidir.
Azərbaycan müstəqil dövlət olaraq xarici siyasətini milli maraqlar əsasında
formalaşdırır. Ölkənin ikitərəfli və çoxtərəfli əlaqələri heç vaxt üçüncü tərəflərə qarşı yönəlmir.
Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin tərəfdarıdır və bu prinsip
beynəlxalq hüququn əsasını təşkil edir. Bu prinsiplərə riayət olunmadığı halda dünyada sabitlik
və təhlükəsizlik mümkün deyil. Azərbaycan isə bu məsələnin əhəmiyyətini öz tarixi
təcrübəsindən yaxşı bilir.
Azərbaycan Ukrayna ilə Rusiya arasında baş verən münaqişədə hər hansı formada
iştirak etmir, bu müharibədən tamamilə uzaqdır. Onun sözlərinə görə, rəsmi Bakı bu
münaqişənin yalnız dialoq və qarşılıqlı anlaşma yolu ilə həllini dəstəkləyir. Azərbaycan
regionun diplomatik mərkəzlərindən biri kimi gələcəkdə sülh danışıqları üçün platforma rolunu
oynaya bilər. Azərbaycanın balanslı və obyektiv mövqeyi bu istiqamətdə etibarlı vasitəçi kimi
çıxış etməsinə imkan verir.
Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də Qəbələdə Azərbaycan Prezident
İlham Əliyevlə mətbuata bəyanatında Rusiya ilə Ukrayna arasındakı danışıqların
Azərbaycanda keçirilməsini təklif edib. O bildirib ki, Rusiya tərəfi də razı olarsa, belə bir
görüşün Azərbaycanda keçirilməsi mümkündür.
Zelenskinin bu bəyanatı Azərbaycanın balanslı, obyektiv və neytral mövqeyə malik
olmasının növbəti təsdiqidir.
Azərbaycanla Ukrayna arasında münasibətlər hər iki tərəfin maraqlarına uyğun inkişaf
etdirilir. Azərbaycan eyni zamanda Rusiya ilə də əlaqələri inkişaf etdirir. Bir müddət əvvəl iki
ölkə arasında yaşanan gərginlik də artıq aradan qaldırılıb. Azərbaycan və Rusiya arasında
strateji müttəfiqlik münasibətləri iki ölkənin maraqlarına xidmət edir. Azərbaycan dost saydığı
ölkələr arasında münasibətlərin inkişafına çalışır, buna dəstək göstərir. Onun sözlərinə görə,
bu, rəsmi Bakının yürütdüyü xarici siyasətin təməl prinsiplərindən birini təşkil edir.
Azərbaycan-Ukrayna münasibətlərində iqtisadi əməkdaşlıq da mühüm yer tutur. Enerji
sahəsində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Azərbaycanın
enerji layihələri geniş coğrafiyanı əhatə edir və bu təcrübə Ukrayna ilə əməkdaşlıqda da
istifadə oluna bilər. SOCAR-ın Ukraynada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri
ikitərəfli iqtisadi əlaqələrin inkişafına töhfə verir. Bu, həm biznes münasibətlərinin
genişlənməsi, həm də enerji sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından
əhəmiyyətlidir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Qəbələdə Ukrayna
Prezidenti Volodimir Zelenki ilə mətbuata birgə bəyanatında müzakirə edilən məsələlər
arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni
zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var.
Azərbaycanla Ukrayna arasında münasibətlər qarşılıqlı maraqlar və dostluq prinsipləri
əsasında inkişaf edir. Humanitar sahədə atılan addımlar bu əlaqələrin daha da
möhkəmlənməsinə xidmət edir. Azərbaycan gələcəkdə də Ukrayna ilə müxtəlif istiqamətlərdə
əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu əməkdaşlıq həm regional sabitliyə, həm də iki
xalq arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcək.
Əfsər Əzizov,
RİHB aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Sosial-iqtisadi
məsələlər, İnformasiya təminatı və təhlil sektorunun baş məsləhətçisi (əhali ilə görüşün
təşkilatçısı)