Вернуться назад Распечатать

Niyə hər klinika bir qiymət deyir? — AÇIQLAMA

Özəl klinikalarda tibbi xidmətlərin qiymətləri ilə bağlı narazılıqlar daha tez-tez səsləndirilir. Vətəndaşlar eyni xidmət üçün fərqli klinikalarda ciddi qiymət fərqlərinin olduğunu bildirir, bəzi hallarda isə xidmətlərin baha olması əlçatanlıq problemini gündəmə gətirir. Digər tərəfdən, özəl sektor nümayəndələri qiymətlərin bazar prinsipləri əsasında formalaşdığını və keyfiyyətli xidmət üçün xərclərin yüksək olduğunu qeyd edirlər. Bu vəziyyət səhiyyə sistemində balansın necə qorunmalı olduğu ilə bağlı müzakirələri aktuallaşdırır.

1xeber.media xəbər verir ki,Vəkil Vüqar Tumasov Demokrat.az-a açıqlamasında bildirib ki, sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun 6-cı maddəsinə əsasən, sahibkarlar öz məhsul və xidmətləri üçün qiymətləri (tarifləri) müəyyən etmək hüququna malikdir:

“Bu, özəl sektorun əsas hüquqlarından biridir. Özəl müəssisələr qiymətlərin əlçatanlığı ilə bağlı məsuliyyəti əsasən özləri daşımalıdır. Dövlət tərəfindən qiymətlərin tənzimlənməsi praktik olaraq mümkün görünmür və həyata keçirilsə belə, bu özəl sektorun fəaliyyətini məhdudlaşdıra bilər. Nəticədə bəzi şirkətlərin fəaliyyəti dayandırıla və iqtisadi risklər arta bilər. Buna baxmayaraq, o, belə bir tənzimləmənin vətəndaşların məhsul və xidmətlərə əlçatanlığını artırmaq baxımından faydalı ola biləcəyini də vurğulayır. Yəni, qiymətlərin idarə olunması ilə bağlı hər hansı addım balanslı və diqqətlə planlanmalıdır ki, həm vətəndaşların hüquqları qorunsun, həm də sahibkarlığın fəaliyyəti pozulmasın”.

Vəkilin qənaətinə görə qiymətlərin tənzimlənməsi vətəndaşların xidmətlərə əlçatanlığını artırsa da, bu addım çox həssaslıqla atılmalıdır. Bazar iqtisadiyyatı prinsipləri ilə sosial məsuliyyət arasında balansın qorunması vacibdir. Əks halda, inzibati müdaxilələr tibb müəssisələrinin bağlanmasına və xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.

Yəni, qanunvericilik özəl klinikalara qiyməti özlərinin qoymasına icazə verir və dövlətin bura müdaxiləsi sahibkarlıq fəaliyyətinə zərər vura biləcəyi üçün bu məsələdə həm vətəndaşın, həm də biznesin maraqları nəzərə alınmalıdır.