Prezident cənab İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin 25 aprel
tarixində Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında
münasibətlərin mövcud vəziyyətini və perspektivlərini aydın şəkildə ortaya qoyan mühüm
siyasi mesajlar toplusudur. Bu bəyanat həm ikitərəfli əlaqələrin strateji mahiyyətini təsdiqləyir,
həm də dəyişən geosiyasi reallıqlar fonunda Bakı-Kiyev xəttinin aktuallığını bir daha ön plana
çıxarır.
İlk növbədə, dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Ukrayna prezidentləri
arasında təmasların müntəzəm xarakter daşıması münasibətlərin yüksək səviyyədə olduğunu
göstərir. Son dörd il ərzində yeddi görüşün keçirilməsi, o cümlədən beynəlxalq platformalarda
davamlı dialoq, siyasi münasibətlərin formal çərçivədən kənara çıxaraq real əməkdaşlıq
mexanizmlərinə söykəndiyini təsdiqləyir. Bu dinamika şəxsi münasibətlərin də dövlətlərarası
əlaqələrə müsbət təsir etdiyini göstərir və liderlər arasında formalaşmış qarşılıqlı etimad
mühüm amil kimi çıxış edir. Azərbaycan-Ukrayna münasibətlərinin əsas sütunlarından biri
güclü hüquqi-siyasi baza üzərində qurulmasıdır. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda
imzalanmış strateji tərəfdaşlıq sənədləri bu əlaqələrin institusional çərçivəsini formalaşdırıb.
Həmin sənədlərdə qarşılıqlı olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin
toxunulmazlığının dəstəklənməsi kimi fundamental prinsiplərin təsbit olunması xüsusilə diqqət
çəkir. Bu yanaşma, həm də hər iki ölkənin beynəlxalq hüquqa əsaslanan mövqeyinin
uzlaşdığını və qlobal platformalarda bir-birinə verdiyi siyasi dəstəyin davamlı xarakter
daşıdığını nümayiş etdirir.
Bəyanatda qeyd olunan digər mühüm məqam institusional əməkdaşlığın
genişlənməsidir. Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsi və
Hökumətlərarası Komissiyanın fəaliyyəti əlaqələrin sistemli inkişafına xidmət edir. Bu
mexanizmlərin növbəti mərhələdə Ukraynada davam etdirilməsi ilə bağlı müzakirələr
əməkdaşlığın coğrafiyasının və məzmununun daha da genişlənəcəyinə işarə edir. Bu isə
əlaqələrin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, konkret fəaliyyət planları ilə müşayiət
olunduğunu göstərir.Energetika sahəsi Azərbaycan-Ukrayna əməkdaşlığının prioritet
istiqamətlərindən biri olaraq qalır. SOCAR-ın Ukraynada uzunmüddətli və uğurlu fəaliyyəti iki
ölkə arasında iqtisadi inteqrasiyanın real nümunəsidir. Bununla yanaşı, yeni birgə layihələrin,
sərmayə qoyuluşunun və təşəbbüslərin müzakirə olunması gələcəkdə əməkdaşlığın daha da
dərinləşəcəyini göstərir.
Xüsusilə enerji təhlükəsizliyi məsələlərinin qlobal gündəlikdə önəm qazandığı bir dövrdə
Azərbaycan-Ukrayna tərəfdaşlığı bu sahədə qarşılıqlı faydalı platforma kimi çıxış edir. Ticarət
dövriyyəsinin yarım milyard dolları ötməsi müsbət göstərici olsa da, tərəflər mövcud
potensialın daha geniş olduğunu qəbul edir. Bu, iqtisadi əlaqələrin şaxələndirilməsi, qeyri-neft
sektorunda əməkdaşlığın artırılması və qarşılıqlı investisiyaların təşviqi üçün əlavə imkanlar
yaradır. Mövcud iqtisadi baza üzərində qurulacaq yeni layihələr münasibətlərin daha dayanıqlı
və uzunmüddətli olmasına xidmət edə bilər. Hərbi-texniki əməkdaşlıq məsələsi də xüsusi
diqqət çəkən istiqamətlərdəndir. Hər iki ölkədə müdafiə sənayesinin inkişaf etməsi birgə
istehsal və texnologiya mübadiləsi üçün real zəmin yaradır. Bu sahədə əməkdaşlıq yalnız
müdafiə qabiliyyətinin gücləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda sənaye
kooperasiyasının genişlənməsi baxımından da əhəmiyyətlidir.
Ümumilikdə, Prezident cənab İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan-Ukrayna
münasibətləri çoxşaxəli və dinamik inkişaf mərhələsindədir. Qarşılıqlı hörmətə və milli
maraqların uzlaşdırılmasına əsaslanan bu əməkdaşlıq modeli həm regional, həm də
beynəlxalq kontekstdə əhəmiyyətli rol oynayır. Mövcud siyasi iradə və institusional baza
nəzərə alındıqda, bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyi və yeni strateji məzmun
qazanacağı şübhə doğurmur. Bu səfər və onun nəticələri bir daha təsdiq edir ki, Azərbaycan
və Ukrayna arasında tərəfdaşlıq yalnız mövcud reallıqların deyil, həm də gələcək əməkdaşlıq
perspektivlərinin formalaşdırılmasında mühüm amil kimi çıxış edir.
Əlioğlan Əşrəfli,
Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru