Вернуться назад Распечатать

Dövlət başçıları arasında formalaşmış yüksək səviyyəli dialoq və qarşılıqlı etimad əlaqələrin perspektivlərini daha da genişləndirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir
Zelenski arasında keçirilən görüş və mətbuata verilən birgə bəyanat iki ölkə arasında strateji
tərəfdaşlığın daha da möhkəmləndiyini bir daha nümayiş etdirdi. Aprelin 25-də Ukrayna
Prezidentinin Azərbaycana səfəri çərçivəsində baş tutan bu görüş həm siyasi, həm də iqtisadi
əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd edib ki, Azərbaycan və Ukrayna
liderlərinin görüşləri artıq müntəzəm xarakter daşıyır. Son dörd il ərzində dövlət başçıları yeddi
dəfə görüşərək ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə veriblər. Bu görüşlərin
əksəriyyəti beynəlxalq təşkilatların tədbirləri çərçivəsində baş tutsa da, qarşılıqlı səfərlər və
birbaşa dialoq ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edib.
Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Prezident Volodimir Zelenskinin 2019-cu ildə
Azərbaycana ilk səfəri iki lider arasında şəxsi münasibətlərin formalaşmasında mühüm rol
oynayıb. O vaxtdan etibarən qurulan səmimi və qarşılıqlı etimada əsaslanan münasibətlər bu
gün də uğurla davam edir. Bu şəxsi münasibətlər dövlətlərarası əməkdaşlığın inkişafına da
müsbət təsir göstərərək, müxtəlif sahələrdə yeni imkanların yaranmasına zəmin yaradıb.
Prezident İlham Əliyev həmçinin 2022-ci ilin yanvar ayında Ukraynanın paytaxtı Kiyev
şəhərinə etdiyi səfəri xatırladaraq bildirib ki, həmin səfər zamanı aparılan fikir mübadiləsi və
sonrakı təmaslar Azərbaycan–Ukrayna münasibətlərini daha yüksək səviyyəyə qaldırıb. Bu
səfər çərçivəsində əldə olunan razılaşmalar iki ölkə arasında siyasi dialoqun intensivləşməsinə
və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verib.
Qeyd olunub ki, Azərbaycan və Ukrayna arasında əlaqələr yalnız siyasi sahə ilə
məhdudlaşmır. Enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar sahələrdə də əməkdaşlıq uğurla
inkişaf edir. Xüsusilə enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın rolu Ukrayna üçün
mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, nəqliyyat-logistika sahəsində həyata keçirilən
layihələr regionda yeni iqtisadi imkanlar yaradır.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan və Ukrayna beynəlxalq
təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir. Bu qarşılıqlı dəstək iki ölkənin beynəlxalq
arenada mövqelərinin möhkəmlənməsinə xidmət edir. Hər iki dövlət beynəlxalq hüququn
prinsiplərinə sadiq qalaraq ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birinin mövqeyini
müdafiə edir.
Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar göstərir ki,
Azərbaycan–Ukrayna münasibətləri gələcəkdə daha da inkişaf edəcək. Dövlət başçıları
arasında formalaşmış yüksək səviyyəli dialoq və qarşılıqlı etimad əlaqələrin perspektivlərini
daha da genişləndirir.
Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə
keçirilən görüş iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu
səfər yalnız mövcud əlaqələrin möhkəmləndirilməsi deyil, həm də gələcək əməkdaşlıq
istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru