Вернуться назад Распечатать

Ekstremal hava dalğası gözlənilir - Xəbərdarlıq edildi

Meteoroloqlar son onilliyin ən güclü “El Nino” hadisələrindən birinin 2026-cı ilin sonlarına doğru baş verə biləcəyi barədə xəbərdarlıq edirlər. Proqnozlarına görə, bu təbii fenomen artıq may ayından etibarən öz təsirini göstərməyə başlayacaq.

1xeber.media-nın xəbərinə görə, Dünya Meteorologiya Təşkilatı bildirir ki, Sakit okeanın mərkəzi və şərq hissələrində dəniz səthinin temperaturu sürətlə artır və may-iyul ayları arasında “El Nino” şəraitinin formalaşma ehtimalı olduqca yüksəkdir.

Hindistan və Avstraliyanın bəzi bölgələrində artıq yüksək temperatur və quraqlıq müşahidə olunur. Hindistanda musson yağışlarının son üç ildə ilk dəfə orta səviyyədən aşağı düşə biləcəyi proqnozlaşdırılır.

ABŞ-nin Orta Qərbində kənd təsərrüfatı üçün ilkin mərhələdə əlverişli şərait yaransa da, məhsul yığımı dövründə həddindən artıq yağış riski artır. Cənubi Amerikada isə güclü yağışların soya və qarğıdalı istehsalına mənfi təsir göstərə biləcəyi bildirilir.

Avropada yay aylarında yağıntıların artması qarğıdalı istehsalına müsbət təsir edə bilər. Bununla belə, buğda yığımının “El Nino” tam gücü ilə yayılmazdan əvvəl başa çatacağı gözlənilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, “El Nino” qlobal kənd təsərrüfatı istehsalını azalda və ərzaq qiymətlərinin artmasına səbəb ola bilər.

Qeyd edək ki, 2015-2016-cı illərdə baş verən oxşar hadisə Cənub-Şərqi Asiyada ciddi quraqlığa gətirib çıxarmış, düyü, palma yağı və şəkər istehsalında böyük itkilər qeydə alınmışdı.

Eyni zamanda, Yaxın Şərqdə davam edən münaqişələr səbəbindən gübrə təchizatında yaranan problemlər və artan xərclər, iqlim təsirləri ilə birlikdə fermerlər üçün vəziyyəti daha da çətinləşdirə bilər.

Bildirilir ki, “Super El Nino”nun təsirləri təkcə hava şəraiti ilə məhdudlaşmayacaq, həm də qlobal iqtisadiyyata və ərzaq bazarlarına ciddi təzyiq göstərə bilər.

Əlavə edək ki, “El Nino”ekvator xətti boyunca yerləşən Sakit okeanda müşahidə olunan bir iqlim prosesidir. Bu hadisə zamanı okeanın səthindəki suyun temperaturu normadan yüksək olur və nəticədə Yer kürəsinin müxtəlif bölgələrində hava şəraiti dəyişikliklərə məruz qalır.