“Smart Cargo” rəqəmsal platforması sayəsində Qazaxıstanda sərhəddən keçmək proseduru 4 saatdan 30 dəqiqəyə enəcək.
1xeber.media Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev nəqliyyat və logistika sektorunda rəqəmsal layihələrin tətbiqi ilə bağlı hökumət iclasında çıxışında məlumat verib.
Onun sözlərinə görə, “Smart Cargo” platforması dövlət qurumlarını və müəssisələri birləşdirir. Sistem QR kodları vasitəsilə yük məlumatlarına çıxışı təmin edir, sənədləri avtomatik olaraq yoxlayır, marşrutları planlaşdırır və lazımi icazələri müəyyən edir.
Rəqəmsallaşma təxminən 10 layihənin həyata keçirildiyi dəmir yolu sektoruna da təsir edib. Belə ki, vaqonların əl ilə yoxlanılmasını əvəz edən “KinetiX” diaqnostika sistemi tətbiq olunub. Əvvəllər yoxlamalar iki saata qədər çəkirdisə, hazırda sistem vaqonları cəmi səkkiz dəqiqə ərzində doqquz əsas parametr üzrə real vaxt rejimində qiymətləndirir. Həmçinin çəki stansiyalarından məlumatları müqayisə edən və pozuntuları qeydə alan magistral yollarda yükdaşımalarının monitorinqi sistemi də tətbiq olunur.
Nazir bütün nəqliyyat növlərini birləşdirəcək, məlumatların toplanmasına və emalına, nəqliyyat axınının proqnozlaşdırılmasına və avtomatlaşdırılmış qərar qəbul edilməsinə imkan verəcək “QazTech”ə əsaslanan vahid intellektual nəqliyyat sisteminin – “e-Kolik”in hazırlandığını elan edib.