Вернуться назад Распечатать

Çexiyanın Azərbaycanı tərəfdaş seçməsi Aİ-nin enerji siyasətində Bakının rolunun artdığını göstərir ŞƏRH

2026-cı ilin aprel ayı Azərbaycan üçün yüksəksəviyyəli diplomatik təmaslar və dövlət başçılarının səfərləri baxımından olduqca intensiv və faydalı keçib. Əvvəlcə Latviya Prezidentinin, daha sonra Ukrayna Prezidentinin, hazırda isə Çexiyanın Baş nazirinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır.

Bu intensiv diplomatik fəaliyyət Azərbaycanın qlobal və regional platformalarda artan rolunu bir daha nümayiş etdirir. Eyni zamanda, ölkənin sülh və çoxtərəfli əməkdaşlıq platforması kimi mövqeyini möhkəmləndirir.

1xeber.media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.

O bildirib ki, Çexiyanın öz enerji balansında diversifikasiyaya getməsi və Azərbaycanı əsas tərəfdaş seçməsi, Avropa İttifaqının enerji siyasətində Bakının rolunun artdığını göstərir. Bu, sadəcə, enerji satışı deyil, uzunmüddətli təchizat zəmanəti deməkdir.

Azərbaycan ilə Çexiya arasında mövcud əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq, xüsusilə energetika sahəsində özünü aydın göstərir. Azərbaycan hazırda Çexiyada ən böyük neft tədarükçülərindən biridir və bu istiqamətdə əməkdaşlıq genişlənməkdə davam edir.

"Çexiyanın milli enerji operatoru ÇES uzunmüddətli qaz tədarükü müqaviləsi imzalamaqda maraqlıdır. Bu isə Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu bir daha sübut edir. Avropanın enerji təhlükəsizliyi baxımından iki qaz təchizatçısından asılılıq risklidir. Bu kontekstdə Azərbaycan alternativ və etibarlı tərəfdaş kimi mühüm rol oynayır. Bu gün Azərbaycan qazı ümumilikdə 16 ölkəyə ixrac edilir və onlardan 10-u Avropa İttifaqı üzvüdür. Eyni zamanda, Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində digər Avropa ölkələri ilə də aktiv danışıqlar davam etdirilir", - deyə N.Aslanov vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycan və Çexiya arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq imkanları mövcuddur. Birgə müəssisələrin yaradılması və istehsal layihələri üzrə konkret danışıqlar aparılır. Çexiya Baş nazirinin səfəri çərçivəsində bu məsələlərin daha da dəqiqləşdirilməsinə və yeni razılaşmaların əldə olunmasına təkan verə bilər.

"Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon ABŞ dollarından çoxdur. Lakin bu göstərici əsasən neft ixracına əsaslanır. Bu səbəbdən tərəflər ticarət əlaqələrinin şaxələndirilməsi və daha balanslı iqtisadi modelə keçidi hədəfləyirlər.

Çexiyadan Azərbaycana səfər edən nümayəndə heyətində 50-yə yaxın şirkətin təmsil olunması iqtisadi əlaqələrin daha da dərinləşəcəyinə və genişlənəcəyinə işarə edir. Azərbaycan və Çexiya liderlərinin bundan əvvəl Davos İqtisadi Forumu çərçivəsində də təmasları olub. Bu görüşlər yalnız iqtisadi deyil, həm də siyasi sahədə əməkdaşlığın koordinasiyasını gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bu amillər Azərbaycan ilə Çexiya arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini və strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyacağını göstərir", - deyə Novruzəli Aslanov vurğulayıb.