Вернуться назад Распечатать

Hicran Hüseynova: Akademik Zərifə Əliyeva humanizm dəyərləri ilə Azərbaycan xalqının qəlbində dərin iz buraxıb

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva aramızda olmasa da, onun işıqlı xatirəsi daim bizimlədir. Xalqımız onu hər il aprelin 15-də anım günündə, aprelin 28-də isə doğum günündə ehtiramla yad edir.

1xeber.media xəbər verir ki, Milli Məclisin komitə sədri professor Hicran Hüseynova AZƏRTAC-a açıqlamasında Zərifə Əliyevanın həyat yolu, elmi fəaliyyəti və irsi, eləcə də onun formalaşdırdığı mənəvi dəyərlər barədə danışıb.

Deputat qeyd edib ki, həyatında hər hansı bir sahəyə, peşəyə ürəkdən bağlanan, ömrünü ona həsr edən insanlar zamanla silinməz izlər qoyur. Zərifə xanım Əliyeva da məhz belə şəxsiyyətlərdəndir. Azərbaycanda ilk qadın oftalmoloq-alim, Əməkdar elm xadimi kimi o, elm və tibb sahəsindəki nadir uğurları ilə yadda qalıb. Təkcə öz ixtisasında deyil, həm də cəmiyyətə verdiyi nümunə, fədakarlıq və humanizm dəyərləri ilə Zərifə xanım bütün Azərbaycan xalqının qəlbində dərin iz buraxıb.

Azərbaycan qadını, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, yüksək intellekt və mədəniyyət sahibi, dərin bilik, insanpərvərlik, Vətənə bağlılıq və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın obrazını tamamlayan əsas xüsusiyyətlərdir. İnsan Yaradan tərəfindən müxtəlif maddi və mənəvi sınaqlarla qarşılaşır. Bu sınaqlardan ləyaqətlə çıxanlar həqiqi insanlıq nümunəsi hesab olunur. Belə insanlara Allah hər iki dünyada əbədi səadət bəxş edir. Zərifə Əliyeva da həyatın bütün çətinliklərini şərəflə aşmış nadir şəxsiyyətlərdən biri idi. Ailə dəyərlərinə bağlılığı və xeyirxahlığı ilə seçilən bu nəcib insan bu gün də xalqın qəlbində yaşayır.

Zərifə Əliyeva və onun həyat yoldaşı, Ümummilli Lider Heydər Əliyev sahib olduqları yüksək mənəvi və dövlətçilik dəyərlərini yalnız öz dövrləri ilə məhdudlaşdırmamış, bu irsi gələcək nəsillərə ötürərək müasir Azərbaycanın ideoloji əsaslarını formalaşdırmışlar. Onların ailə mühitində formalaşdırdıqları prinsiplər bu gün də dövlət idarəçiliyində və milli inkişaf strategiyasında öz əksini tapır.

Azərbaycan xalqı Prezident İlham Əliyev ilə qürur duyur. Prezidentin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz mühüm siyasi, iqtisadi və geostrateji nailiyyətlər əldə etmiş, milli maraqlar qətiyyətlə qoruyub. Bu qürur hissinin formalaşmasında Zərifə xanımın bir ana və ziyalı kimi aşıladığı dəyərlər mühüm rol oynayıb.

“Bu gün Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın ideyalarının uğurla reallaşdırılmasında Prezident İlham Əliyev ilə yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da mühüm yer tutur. Onların həyata keçirdiyi genişmiqyaslı fəaliyyət dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və bu böyük irsin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

103 illik ömür yolunu yad etdiyimiz Zərifə xanım Əliyeva bu dünyadan vaxtsız köçsə də, onun parlaq şəxsiyyəti, zəngin mənəviyyatı və dəyərli irsi bu gün də Azərbaycan cəmiyyətində yaşayır və inkişaf edir. Onun həyatı elmə, insanlığa və milli dəyərlərə xidmət edən nümunəvi bir ömür yolu olmaqla yanaşı, müasir dövlətçilik təfəkkürünün formalaşmasına da mühüm töhfə verib.

Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edir, onun qoyduğu irsi yüksək dəyərləndirir və böyük minnətdarlıq hissi ilə anırıq. Ruhun şad olsun, böyük alim və nəcib insan”, - deyə Hicran Hüseynova fikrini yekunlaşdırıb.