Əməyin təhlükəsizliyi və sağlamlığı müasir əmək münasibətlərinin əsas sütunlarından biridir. Bu sahə yalnız iş yerlərində risklərin azaldılması ilə məhdudlaşmır, insan həyatına və sağlamlığının qorunmasına, əmək məhsuldarlığının artmasına, sağlam və dayanıqlı iş mühitinin formalaşmasına, ümumilikdə isə sosial-iqtisadi inkişafın möhkəmləndirilməsinə xidmət edir.
1xeber.media xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov 28 Aprel- Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarəolunması: Müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 2,93 milyon insan iş mühiti və peşə riskləri ilə bağlı səbəblər nəticəsində həyatını itirir. 395 milyondan çox işçi isə istehsalat qəzaları nəticəsində qeyri-ölümlə nəticələnən xəsarətlər alır. Bununla yanaşı, işlə bağlı qəzalar və xəstəliklər qlobal səviyyədə ümumi daxili məhsulun təxminən 4 faizi həcmində iqtisadi itkiyə səbəb olur. Bənzər tendensiya İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə də müşahidə olunur. Bəzi ölkələrdə qeyri-ölümlə nəticələnən istehsalat xəsarətlərinin səviyyəsi hər 100 min işçiyə təxminən 3000 hal təşkil edir. Ölümlə nəticələnən xəsarət göstəriciləri isə nisbətən aşağı olsa da, bu vəziyyət müxtəlif sahələr üzrə davam edən çağırış olaraq qalmaqdadır".