Вернуться назад Распечатать

Şəxsi itkidən elmə: Qlazqo Universitetinin azərbaycanlı magistrantı təhsil təcrübəsindən danışır

Şotlandiyanın Qlazqo Universitetində ali epidemiologiya üzrə magistratura təhsili alan azərbaycanlı tələbə Nailə Əhmədova bu sahəyə marağının formalaşmasından, beynəlxalq təhsil təcrübəsindən və gələcək planlarından danışıb. Onun sözlərinə görə, epidemiologiyanı seçməsində şəxsi həyatında yaşadığı itki də mühüm rol oynayıb. O, 2020-ci ildə babasını xərçəng xəstəliyindən itirdiyini qeyd edib və şəxsi marağının xərçəng epidemiologiyası sahəsinə yönəldiyini bildirib.

1xeber.media xəbər verir ki, AZƏRTAC-a müsahibəsində Nailə Əhmədova Şotlandiyada “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində aldığı təhsil təcrübəsindən və bu sahənin gələcək perspektivlərindən bəhs edib.

-Qlazqo Universitetində ali epidemiologiya üzrə magistratura təhsili almaq qərarını necə verdiniz?

-Qlazqo Universiteti 2024-cü ilin hesabatına əsasən Şotlandiyada elmi nəticələrinə görə 1-ci yerdə idi və ən yüksək keyfiyyətli tədqiqat göstəricilərində ön sıralarda yer alıb. Epidemiologiya sahəsində tələb olunan əsas bacarıqlardan biri tədqiqat bacarığıdır və gələcək tədqiqatçı olaraq bu universitetin mənə daha çox töhfələr verəcəyini düşünərək magistratura təhsilimə qərar verdim.

-Bu proqram çərçivəsində hansı əsas mövzuları öyrənirsiniz?

-Proqram çərçivəsində ictimai səhiyyənin prinsipləri, epidemiologiya və statistikaya giriş, araşdırma metodları kimi fənləri 1-ci semestrdə əsas fənlər kimi keçdim, ikinci semestrdə isə ixtisaslaşma ilə əlaqədar olaraq ali statistika, ali epidemiologiya və keyfiyyət araşdırma metodları fənlərini seçmişdim.

-Epidemiologiya sahəsini seçməyinizin əsas səbəbi nə oldu?

-Azərbaycanda epidemiologiya sahəsinin inkişafına çox ehtiyac var və datanın əldə olunması, araşdırma aparılması və qabaqcıl tədbirlərin həyata keçirilməsi vacibdir. Düşünürəm ki, pandemiya dövründə və ondan sonrakı dövrdə əsasən yoluxucu xəstəliklərin epidemiologiyası daha çox gündəmdə oldu. Lakin qeyri-yoluxucu xəstəliklərin epidemiologiyası diqqət ayrılmalı olan əsas sahələrdən biridir. Mənim şəxsi marağım xərçəngin epidemiologiyası üzərindədir, 2020-ci ildə babamı xərçəng xəstəliyindən itirmişəm və Azərbaycanda da onkoloji xəstəliklərdən əziyyət çəkən çox insan var. Əgər profilaktik tədbirlər gücləndirilsə, xüsusi monitorinq və skrininq proqramları yaradılsa və ətraflı araşdırmalar olsa, qarşısını əhəmiyyətli dərəcədə ala bilərik. Həmçinin Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasında (IFMSA) könüllü fəaliyyətim ərzində sahəmi daha yaxından tanımış və populyasiya səviyyəsində səhiyyəyə tövsiyə verməyə həvəs göstərmişəm. Deyə bilərəm ki, beynəlxalq sferadakı işim də məni həvəsləndirən əsas nüanslardan biri idi.

-Epidemiologiya sahəsinin bu gün dünyada əhəmiyyəti barədə nə deyə bilərsiniz?

-Epidemiologiya yalnız yoluxucu xəstəlikləri araşdıran sahə deyil, çox genişdir və ictimai səhiyyənin ən qabaqcıl ixtisaslarından biridir. Epidemiologiya sayəsində pandemiyaların qarşısını almaq, əhalinin sağlamlığını qorumaq, dövlət siyasətinə təsir etmək və qlobal əməkdaşlıqlar qurmaq mümkündür.

-Pandemiyadan sonrakı dövrdə bu sahədə hansı dəyişiklikləri müşahidə edirsiniz?

-Pandemiyadan sonra bir çox ölkələr xəstəlikləri erkən aşkar etmək üçün müşahidə sistemlərini gücləndirdi, məlumatların toplanmasına xüsusi diqqət ayırdı. Stres, depressiya, sosial təcrid kimi problemlər də geniş araşdırılmağa başlanıldı. Ən sonda isə onu qeyd edə bilərəm ki, süni intellekt vasitəsilə risk qruplarının müəyyən edilməsi, yoluxma proqnozu və xəstəlik dalğalarının qabaqcadan hesablanması daha asanlaşdı.

-Sizin ixtisasınız gələcəkdə hansı istiqamətlərdə daha çox tələb olunacaq?

-Düşünürəm ki, çox sahə ilə vəhdət olacaq, hətta indidən də olur. Data və bioinformatika ilə epidemiologiya risk modelləri, genetik məlumatın təhlili istiqamətində çox əhəmiyyətli yer tutacaq. Xroniki xəstəliklərin epidemiologiyası, eynilə iqlim dəyişikliyi ilə yaranan xəstəliklər, hava, su, qida keyfiyyəti araşdırmaları artacaq. Süni intellektin tətbiqi bu sahədə çox qapılar açacaq və bir neçə sahənin kombinasiysı mümkün olacaq.

-Şotlandiyada yaşamaq və təhsil almaq sizə nə verib?

- Əvəzolunmaz bir təcrübədir. İlk dəfə ailəmdən uzaqda tək həyat sürürəm və bu, məni psixoloji olaraq çox gücləndirib, həyata və insanlara baxış bucağım dəyişib. Eyni zamanda, təhsil vasitəsilə kritik düşüncə və analiz qabiliyyətlərim inkişaf edib, daha çox sübuta əsaslanaraq addım atmağı təkmilləşdirmişəm.