Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri təkcə ikitərəfli
münasibətlərin inkişafı baxımından mühüm addım sayılmamalıdır, bu, həm də Azərbaycanın
geosiyasi çəkisinin artmasının növbəti təsdiqi kimi qiymətləndirilməlidir.
Çexiya Baş nazirinin “Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır” fikri bu
münasibətlərin mahiyyətini və səviyyəsini açıq şəkildə ortaya qoyur: “Baş nazir Andrey Babişin
“Azərbaycan dünyanın diqqət mərkəzindədir” ifadəsi təsadüfi deyil. Bu, son dövrlərdə
ölkəmizə artan beynəlxalq marağın real göstəricisidir və Azərbaycanın yalnız regionda deyil,
daha geniş coğrafiyada mühüm aktora çevrildiyini təsdiqləyir.
Təkcə aprel ayı ərzində dörd Avropa ölkəsinin yüksək səviyyəli rəhbər şəxslərinin –
Latviya və Ukrayna prezidentlərinin, Litva və Çexiya baş nazirlərinin Azərbaycana səfər etməsi
diqqətəlayiq hadisədir. Bu səfərlər Azərbaycanın beynəlxalq sistemdə artan rolunun və rəsmi
Bakıya verilən önəmin bariz nümunəsidir. Son aylarda müşahidə olunan diplomatik fəallıq onu
göstərir ki, Azərbaycan artıq yalnız enerji tərəfdaşı kimi deyil, həm də siyasi dialoq və
çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul olunur. Avropa ölkələrinin regiona
marağının artması isə birbaşa olaraq enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və sabitlik
məsələləri ilə bağlıdır.
Ukrayna Prezidenti və Çexiya Baş nazirinin məhz Qəbələdə qarşılanması yeni
diplomatik yanaşmanın göstəricisidir. Bu, Azərbaycanın regionların beynəlxalq münasibətlər
sistemində rolunun artırılması siyasətinin tərkib hissəsidir. Daha əvvəl Türk Dövlətləri
Təşkilatının Zirvə görüşünün də Qəbələdə keçirilməsi bu şəhərin strateji əhəmiyyətini artırıb.
Bu baxımdan, Qəbələ artıq Bakı və Şuşa ilə yanaşı, yeni diplomatik mərkəz kimi
formalaşmaqdadır. Bu isə Azərbaycanın regional inkişaf modelinin uğurlu nəticəsidir.
Azərbaycanla Çexiya arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə
qədəm qoyub. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu
münasibətlərin institusional əsasını formalaşdırıb.
Praqada keçirilmiş siyasi məsləhətləşmələr, qarşılıqlı səfərlərin intensivliyi və
beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu tərəfdaşlığın davamlı xarakter
daşıdığını sübut edir. Prezident İlham Əliyevin Çexiyaya dörd səfəri və Çexiya rəhbərliyinin
Azərbaycana səfərləri yüksək səviyyəli siyasi dialoqun göstəricisidir.
İqtisadi sahədə əməkdaşlıq da dinamik inkişaf edir. 814 milyon dollardan çox olan
ticarət dövriyyəsi bu münasibətlərin real iqtisadi baza üzərində qurulduğunu göstərir.
Çexiyanın Azərbaycanın əsas ixrac tərəfdaşlarından biri olması ölkəmizin Avropa bazarındakı
mövqeyinin möhkəmləndiyini təsdiqləyir.
Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, ticarət dövriyyəsinin strukturunun
şaxələndirilməsi vacib məsələdir. Bu baxımdan, qeyri-neft sektorunda əməkdaşlığın
genişləndirilməsi qarşıda duran əsas hədəflərdəndir.
Azərbaycan-Çexiya münasibətlərində energetika sektoru əsas istiqamətlərdən biri
olaraq qalır. Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması bu
əməkdaşlığın strateji xarakterini göstərir: “Çexiyanın qaz təchizatı ilə bağlı uzunmüddətli
müqavilələrə maraq göstərməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun daha
da artdığını sübut edir. Bununla yanaşı, bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen
sahələrində əməkdaşlıq perspektivləri münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq da mühüm istiqamətlərdən biridir. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, artıq bu sahədə birgə istehsal layihələri müzakirə olunur və bu,
Azərbaycanın müdafiə potensialının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, Çex şirkətlərinin Azərbaycanda birgə müəssisələr yaratmaq, innovasiya və
elmi tədqiqat sahələrinə sərmayə yatırmaq niyyətləri iqtisadi əməkdaşlığın daha da
dərinləşəcəyini göstərir.
Bakı ilə Praqa arasında birbaşa aviareyslərin bərpası əlaqələrin inkişafına mühüm töhfə
verib. Həftədə bir neçə dəfə həyata keçirilən uçuşlar həm biznes, həm də turizm sahəsində
əməkdaşlığı genişləndirir. Karlovı Varı hava limanı layihəsi və digər nəqliyyat təşəbbüsləri iki
ölkə arasında əlaqələrin daha da intensivləşməsinə xidmət edəcək.
Bütün bu proseslər Azərbaycanın artıq regional çərçivədən çıxaraq daha geniş
geosiyasi məkanda strateji tərəfdaş kimi qəbul edildiyini göstərir. Diplomatik fəallığın artması,
iqtisadi əməkdaşlığın genişlənməsi və yeni diplomatik mərkəzlərin formalaşması bu
tendensiyanı daha da gücləndirir.
Azərbaycan ilə Çexiya arasında formalaşan çoxşaxəli əməkdaşlıq modeli gələcəkdə
daha dərin inteqrasiya və yeni strateji layihələr üçün geniş imkanlar açır. Bu dinamika
Azərbaycanın beynəlxalq sistemdə mövqeyinin təkcə sabitləşmədiyini, eyni zamanda, daha da
möhkəmləndiyini nümayiş etdirir.
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru