İlk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonundakı Sərsəng su anbarından start götürən “Prezident Kuboku 2026” beynəlxalq reqatasının bu gün Mingəçevir şəhərində rəsmi paradı baş tutub.
Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının ikinci günündə 16 ölkənin- Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan komandalarının Heydər Əliyev prospektindən “Kür” Olimpiya Təlim və İdman Mərkəzinə qədər yürüşü olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, beynəlxalq reqata aprelin 29-da Suqovuşanda davam edəcək. 30 aprel-1may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yürüşləri keçiriləcək və qaliblər müəyyənləşəcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Prezident Kuboku 2026” beynəlxalq avarçəkmə və kanoe reqatasına mayın 1-də yekun vurulacaq. Xatırladaq ki, yarışda 20-dək ölkədən 100-dən çox idmançı iştirak edir.




