BMT Təhlükəsizlik Şurası Sudanın Çevik Müdaxilə Qüvvələrinin (ÇMQ) rəhbəri Məhəmməd Həmdan Daqlonun kiçik qardaşı Alqonay Hamdan Daqlo Musaya və üç Kolumbiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
1xeber.media-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın BMT-dəki missiyası bildirib.
Sanksiyalar ABŞ, Böyük Britaniya və Fransanın təşəbbüsü ilə tətbiq edilib. Belə ki, Musanın Çevik Müdaxilə Qüvvələri üçün silah və hərbi texnikanın tədarükünə nəzarət etdiyi iddia edilir.
Sanksiya siyahısına həmçinin Alvaro Andres Kixano Beserra, Klaudiya Viviana Oliveros Forero və Mateo Andres Duke Botero da daxildir. BMT-nin məlumatına görə, onlar keçmiş Kolumbiya hərbçilərinin Sudanda ÇMQ tərəfində döyüşmək üçün cəlb edilməsində əsas rol oynayıblar.
Kolumbiyalı muzdlular Xartum, Omdurman, Kordofan və El Faşerdəki döyüşlərdə iştirak ediblər.
Sudan ordusu ilə Çevik Müdaxilə Qüvvələri (ÇMQ) arasındakı müharibə üç ildir davam edir.