Вернуться назад Распечатать

ABŞ-də keçirilən sərgidə Azərbaycana məxsus milli kişi geyimi nümayiş olunub

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində yerləşən Vudro Vilson Ev Muzeyində dünya ölkələrinin milli geyimlərinə həsr olunmuş üçüncü ənənəvi sərgi təşkil edilib.

1xeber.media-nın məlumatına görə, Azərbaycanın ABŞ-dəki səfirliyinin dəstəyi ilə sərgidə ölkəmizə məxsus milli geyim də nümayiş olunur.

Bu il Azərbaycan sərgidə Paris Sülh Konfransında iştirak etmiş və həmin dövrdə ABŞ prezidenti olmuş Vudro Vilson ilə görüş keçirmiş Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətini simvolizə edən milli kişi geyimi ilə təmsil olunur.

Azərbaycanın ABŞ-dəki səfirliyinin mətbuat katibi Cəmilə Məmmədova bildirib ki, muzeydə nümayiş etdirilən geyim təkcə Azərbaycanın zəngin milli irsini deyil, eyni zamanda ölkəmizin diplomatik tarixində mühüm bir mərhələni əks etdirir və sülh mesajı daşıyır.

Ev muzeyinin icraçı direktoru Elizabet Karçer sərgidə iştirak edən səfirliklərə və tərəfdaşlara təşəkkürünü bildirərək qeyd edib ki, tədbirin əsas məqsədi dəbin gücünü nümayiş etdirmək və bu vasitə ilə sülh mesajlarını geniş auditoriyaya çatdırmaqdır.

Sərgidə 60-dan çox ölkənin milli geyimləri nümayiş olunur. Bununla yanaşı, sərgidə təqdim edilən geyimlərin fotolarından ibarət xüsusi jurnal da hazırlanıb. Jurnalın Azərbaycan bölməsində nümayiş olunan geyimdə istifadə edilmiş parçalar və materiallar, eləcə də ABŞ–Azərbaycan münasibətlərinin ilkin mərhələlərindən biri kimi Paris Sülh Konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin Vudro Vilson ilə görüşü barədə məlumat verilib.