Məlum olduğu kimi, Prezident İlham Əliyev aprelin 28-də “Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. 1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin müvafiq Sərəncamından irəli gələrək sel və daşqınların fəsadlarının aradan qaldırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və infrastrukturun bərpası istiqamətində həyata keçirilən operativ tədbirlərin əhəmiyyəti barədə məqalə təqdim edilir.
Mart və aprel aylarında ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə də intensiv xarakter alan güclü leysanlar Bakı şəhəri də daxil olmaqla, respublikanın bir çox bölgələrində təbii fəlakət riskini artıraraq ciddi sel və daşqınlarla nəticələnib. Təbiət hadisəsi nəticəsində çaylardan sel keçməsi, yaxud çayların məcrasından çıxması kənd təsərrüfatı torpaqlarını su altında qoyub, habelə yol-nəqliyyat qovşaqlarına, körpülərə, elektrik və qaz təchizatı kimi strateji infrastrukturlara, vətəndaşların fərdi evlərinə ziyan vurub.
Mövcud vəziyyətin ciddiliyi nəzərə alınaraq, aidiyyəti dövlət qurumları dərhal gücləndirilmiş iş rejiminə keçib, ərazilərin havadan və qurudan kompleks təhlili aparılıb. Görülən operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində sel sularının yaşayış məntəqələrindən uzaqlaşdırılması üçün müasir nasos stansiyaları və xüsusi texnikalar cəlb edilib, suötürücü kanalların lildən təmizlənməsi ilə suların maneəsiz axını bərpa olunub. Xüsusi risk qrupuna daxil olan əhalinin təhlükəsiz zonaya təxliyəsi qısa zamanda başa çatdırılıb, nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işlərinə start verilib. Dövlətin operativ müdaxiləsi sayəsində həm maddi ziyanın miqyası minimuma endirilib, həm də həyat təminatlı sistemlərin fasiləsiz fəaliyyəti təmin olunub.
Fəsadların aradan qaldırılmasının daha da sürətləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 min 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat, Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 min 875 manat, Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 min 260 manat vəsait ayrılıb. Prezidentin ehtiyat fondundan ayrına bu vəsait Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün həyata keçiriləcək işlərə sərf olunacaq.
Prezidentin bu Sərəncamı Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində insan amilinin, vətəndaşın rifahının və təhlükəsizliyinin dayandığını göstərir. Son dövrlərdə ölkəmizin bəzi bölgələrində baş verən sel və daşqınların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində atılan addımlar bu siyasətin növbəti əyani sübutudur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sel və daşqınların təhlükəli təsirlərinə qarşı mübarizə və fəsadların aradan qaldırılması üçün ayrılan vəsait, dövlət başçısının vətəndaşın probleminə nə qədər həssas və operativ yanaşdığını göstərir.
Təbii fəlakət baş verdiyi andan etibarən dövlətin bütün strukturları səfərbər olunub, zərərçəkmiş əhalinin ehtiyaclarının qarşılanması üçün dərhal hərəkətə keçilib. Prezidentin imzaladığı Sərəncam təkcə hüquqi sənəd deyil, həm də minlərlə vətəndaş üçün gələcəyə ümid deməkdir. Bu addım göstərir ki, dövlət üçün prioritet məsələ vətəndaşın sosial rifahının qorunması və onun normal həyata qaytarılmasıdır.
Dünya təcrübəsinə nəzər salsaq, inkişaf etmiş bir çox ölkələrdə belə təbii fəlakətlərdən sonra yardımın vətəndaşa çatması aylar, bəzən illər çəkir. Bürokratik əngəllər, sığorta şirkətləri ilə yaşanan mübahisələr vəsaitin ayrılmasını ləngidir. Azərbaycanda isə fərqli bir idarəçilik modeli tətbiq olunur. Prezidentin birbaşa nəzarəti və operativ qərarları sayəsində vəsait dərhal ayrılır, komissiyalar yerlərdə işləyir və bərpa prosesi gecikmədən başlayır. Bu, Azərbaycanın dövlət idarəçiliyindəki səmərəliliyin və “vətəndaşın yanındayıq” prinsipinin bariz nümunəsidir.
Azərbaycan dövləti bir daha bütün dünyaya və öz vətəndaşına sübut edir ki, heç bir azərbaycanlı təbii fəlakət, çətinlik və ya gözlənilməz hadisə qarşısında tək deyil. Bu, həm də xalq-iqtidar birliyinin sarsılmazlığını nümayiş etdirir.
Sərəncam çərçivəsində ayrılan vəsait yalnız cari fəsadların aradan qaldırılmasına xidmət etmir. Burada daha uzaqgörən strateji plan mövcuddur. İqlim dəyişikliyinin yaratdığı yeni çağırışları nəzərə alaraq, gələcəkdə analoji halların təkrarlanmaması üçün ciddi preventiv tədbirlər görülür - çay məcralarının sahillərində müasir mühəndis həlləri ilə möhkəm bəndlərin qurulması; yağış və sel sularının yaşayış məntəqələrinə daxil olmadan kənarlaşdırılması üçün şəbəkələrin yenidən qurulması; təhlükəli ərazilərdə erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi. Bu yanaşma ölkəmizin ekoloji və infrastruktur dayanıqlılığını artırır. Azərbaycan təkcə bu günü deyil, gələcək nəsillərin də təhlükəsizliyini təmin edən layihələrə imza atır.
Redaksiya məqaləsi