Mənzil bazarında bahalaşma dalğası davam edir. Dövlət Statistika Komitəsinin son rəqəmləri Bakıda və regionlarda ev sahibi olmaq istəyənlər üçün vəziyyətin getdikcə çətinləşdiyini göstərir. Bu ilin birinci rübündə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 8,1% artıb. Ən kəskin artım yeni tikililərdə müşahidə olunur. Belə ki, ilkin mənzil bazarında qiymətlər 13,1%, köhnə binalarda isə 8,1% yüksəlib. Ötən ilin son rübü ilə müqayisədə isə bazarda 2,2%-lik bir artım qeydə alınıb.
1xeber.media xəbər verir ki.daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, ümumilikdə verilən proqnozlar müəyyən qədər özünü doğruldur:
“Mən də daxil olmaqla, daşınmaz əmlak bazarı üzrə bəzi ekspertlər illik əsasda əvvəlcədən müəyyən proqnozlar verirdik və orta göstəricilərə əsasən bu qiymətləndirmələr kifayət qədər yaxın nəticələr göstərib. Bakı şəhəri üzrə mənzil fondunun ümumi artımı son illərdə təxminən 10-12 faiz civarında olub. Xüsusilə 2022-2023-cü illərdə bu göstərici daha yüksək idi və qiymətlər orta hesabla 15-18 faiz artımla tamamlanırdı. Digər illərdə isə artım tempi daha stabil olaraq 10-12 faiz intervalında müşahidə olunurdu. Rüblər üzrə dəqiq proqnoz vermək çətin olsa da, ümumi mənzərə onu göstərir ki, 2026-cı il ərzində daşınmaz əmlak sektorunda qiymət artımı tendensiyası davam edəcək. Bu artım təkcə mənzil bazarında deyil, həm də torpaq və kommersiya obyektləri seqmentində müşahidə olunacaq”.
O deyib ki, hazırkı vəziyyətdə qiymətlərə təsir edən əsas amillərdən biri bazarda təklifin məhdud olmasıdır:
“Tikinti şirkətlərinin aktivliyi əvvəlki dövrlərlə müqayisədə azalıb və xüsusilə 2021-ci ildən etibarən tikinti icazələrinin sayında ciddi azalma müşahidə olunur. Məlumatlara görə, bu göstərici 2016-cı illə müqayisədə təxminən 7-8 dəfə aşağı düşüb. Bazara yeni mənzillərin çıxışının azalması, bəzi ərazilərdə aparılan söküntü işləri və ümumilikdə təklifin məhdudlaşması qiymət artımını dəstəkləyən əsas faktorlar kimi çıxış edir. Tikinti sektorunda rəqabətin məhdud olması da bu tendensiyanı gücləndirir. Bu səbəbdən 2026-cı ildə də qiymət artım dinamikasının davam edəcəyi gözlənilir. Hətta bu tendensiyanın 2027-ci ilin birinci yarısına, bəlkə də ilin sonuna qədər davam etməsi ehtimal olunur. Daha sonra isə yeni tikinti layihələrinin artması və bazarda rəqabətin güclənməsi nəticəsində qiymətlərin tədricən stabilləşməsi mümkündür”.
Qısası, bazarda ev az, tələb isə çoxdur. Tikinti icazələrinin sayının kəskin azalması və yeni binaların az tikilməsi qiymətlərin həm yeni, həm də köhnə mənzillərdə artmasına səbəb olur.