Azərbaycan ilə Çexiya arasında münasibətlərin dinamik inkişaf kursu, dövlətimizin başçısı İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü zamanı səsləndirdiyi strateji hədəflərlə yeni müstəviyə qədəm qoydu. Tərəflər arasında aparılan yüksəksəviyyəli danışıqlar və nümayiş etdirilən qarşılıqlı anlaşma, regional və qlobal əhəmiyyətli məsələlərdə ortaq baxış bucağının mövcudluğunu təsdiq edir. Bu yaxınlaşma ikitərəfli əlaqələrin dərinləşmiş strateji tərəfdaşlıq xarakteri aldığını və hər iki paytaxtın əməkdaşlığı prioritet istiqamət kimi qəbul etdiyini göstərir.
Bu sözləri 1xeber.media-ya açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
O bildirib ki, iqtisadi müstəvidə müəyyən olunmuş konkret hədəflər tərəfdaşlığın miqyasını daha da genişləndirir. Çexiyanın geniştərkibli biznes nümayəndə heyətinin Azərbaycana səfər etməsi qarşılıqlı investisiya və ticarət maraqlarının praktik təzahürüdür. Hazırda 800 milyon dolları ötmüş ticarət dövriyyəsində Azərbaycanın enerji resursları üstünlük təşkil etsə də, Prezident İlham Əliyev tərəfindən ticarətin şaxələndirilməsi zərurətinin xüsusi vurğulanması ölkəmizin praqmatik iqtisadi modelinin tərkib hissəsidir. Yanaşma qeyri-neft sektorunda da yeni imkanların yaradılmasına xidmət edir.
"Energetika sahəsi də Azərbaycan-Çexiya münasibətlərinin ən etibarlı sütunlarından birini təşkil edir. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əvəzedilməz və etibarlı tərəfdaş statusunu qoruyub saxlayır. Azərbaycan qazının artıq 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixrac olunması ölkəmizin enerji diplomatiyasının yüksək effektivliyindən xəbər verir. Bu çərçivədə Çexiya ilə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi hər iki tərəf üçün həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm dividend vəd edir", - deyə G. Ağamalı vurğulayıb.
Deputat bildirib ki, münasibətlərin digər mühüm tərəfi müdafiə sənayesi istiqamətində qurulan işbirliyidir. İllərdir formalaşmış qarşılıqlı etimad və təcrübə mübadiləsi bu sahədə daha irimiqyaslı layihələrin, xüsusilə də birgə istehsalat məsələlərinin gündəmə gəlməsinə yol açır. Sözügedən strateji addımlar Azərbaycanın müdafiə potensialının modernləşdirilməsi və gücləndirilməsi istiqamətində atılan qətiyyətli addımların davamıdır.
“Azərbaycan və Çexiya arasındakı əlaqələr qarşılıqlı hörmət və fayda prinsipinə söykənir və Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən xarici siyasət kursu sayəsində əməkdaşlıq keyfiyyətcə yeni, daha məhsuldar mərhələyə daxil olur”, - deyə deputat əlavə edib.