İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası və davamlı inkişafın təmin edilməsini əsas prioritetlərdən biri kimi müəyyən edib. Fond bu ərazilərdə iqtisadi fəallığın artırılması, yeni biznes subyektlərinin formalaşması və mövcud təşəbbüslərin genişləndirilməsi üçün üç əsas maliyyə mexanizmi – birbaşa investisiya, zəmanət və subsidiya, eləcə də güzəştli kreditlər vasitəsilə kompleks dəstək göstərir. Bu mexanizmlər regionda həm real sektorun inkişafına, həm də məşğulluğun artırılmasına töhfə verməyə hədəflənib.
Nazirlikdən 1xeber.media-ya bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən investisiya layihələri regionun iqtisadi potensialının reallaşdırılması, sənaye və enerji infrastrukturunun formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu layihələr yerli istehsalı və ixrac imkanlarını genişləndirməklə yanaşı, yeni iş yerlərinin yaradılması və dayanıqlı iqtisadi mühitin formalaşmasına birbaşa xidmət edir.
Kəlbəcər-Laçın Su Elektrik Stansiyaları
ABDF və Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu arasında bağlanmış Birgə İştirak Müqaviləsinə əsasən Kəlbəcər və Laçın rayonlarında dövlət-özəl tərəfdaşlığı prinsipi ilə 4 kiçik su elektrik stansiyasının bərpası və istismarı nəzərdə tutulur. İldə təxminən 7000 ev təsərrüfatının fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri 27,5 milyon dollar təşkil edir.
“Şəfəq” Günəş Elektrik Stansiyası
İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş enerjisi layihəsi və ən böyük xarici investisiya təşəbbüsü olan “Şəfəq” Günəş Elektrik Stansiyası da ABDF-in dəstəyi ilə icra olunan layihələrdən biridir. “Şəfəq” Günəş Elektrik Stansiyası vasitəsilə Cəbrayıl rayonunun elektrik şəbəkəsinə enerji ötürülməsi, eyni zamanda, Səngəçal terminalının enerji ehtiyaclarını bərpaolunan enerji hesabına təmin edilməsi nəzərdə tutulub. Ümumi dəyəri 204 milyon dollar olan bu layihənin əsas hədəfi Azərbaycanın yaşıl enerji sektorunu inkişaf etdirmək və ekoloji davamlılığı artırmaqdır.
“Bafco Invest” MMC
Fond bu ərazilərdə sənaye istehsalı istiqamətində fəaliyyət göstərən irimiqyaslı layihələrdə də iştirak edərək iqtisadi aktivliyin bərpasına dəstək olur. Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Bafco Invest” MMC zavodunun işçi ayaqqabıları istehsalı layihəsi bu iştirakın nümunəvi nəticəsidir. Müasir keyfiyyət standartlarına cavab verən istehsal prosesinə əsaslanan layihənin ümumi dəyəri 15,1 milyon manatdır.
“Şahbulag Mining" MMC
“Şahbulag Mining” MMC tərəfindən Ağdam rayonunun Şahbulaq əhəngdaşı yatağının istismarı və Xocalı şəhərində sement istehsalı layihəsi icra olunmaqdadır. Layihə çərçivəsində mişar daşı və sement istehsalı həyata keçirilir ki, bu da Qarabağda aparılan tikinti və bərpa işlərinə birbaşa töhfə verir. Sözügedən layihənin ümumi dəyəri 5,17 milyon manat təşkil edir.
Zəmanət və subsidiya dəstəyi ilə yaradılan real imkanlar
ABDF tərəfindən tətbiq edilən zəmanət və subsidiya mexanizmi sahibkarların maliyyə resurslarına çıxışını daha da asanlaşdırır və kredit risklərini minimuma endirir. Mexanizmə əsasən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda, kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər olan müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditlər üçün əlavə güzəşt müddəti tətbiq olunur.
Hazırda Fond tərəfindən sahibkarların 52 layihəsi üzrə banklardan əldə etdiyi 66,8 milyon manat kreditə 56,5 milyon manat həcmində dövlət zəmanəti verilib. Eyni zamanda bu layihələr üzrə 17,3 milyon manat məbləğində subsidiya təsdiqlənib.
Güzəştli kreditlərlə dəstəklənən yerli bizneslər
Fond tərəfindən sahibkarlığın dəstəklənməsinə yönəlmiş güzəştli kredit mexanizmi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznes subyektlərinin daha əlverişli şərtlərlə maliyyə resurslarına çıxışını təmin edir. Bu kreditlər aşağı faiz dərəcələri, uzunmüddətli qaytarılma qrafiki və güzəşt müddətləri ilə seçilərək sahibkarların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldır və bizneslərin davamlı inkişafını stimullaşdırır.
İndiyədək azad edilmiş ərazilərimizdə ümumilikdə 28 layihə üzrə sahibkarlara 45,8 milyon manat həcmində güzəştli kredit təqdim edilib.
ABDF tərəfindən təqdim olunan maliyyə mexanizmləri işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına və regionun dayanıqlı inkişafına mühüm töhfə verməklə yanaşı, sahibkarlığın genişlənməsi üçün uzunmüddətli maliyyə əlçatanlığının formalaşdırılmasına xidmət edir. Bu yanaşma həm biznes təşəbbüslərinin reallaşdırılmasını sürətləndirir, həm də regionun iqtisadi potensialının daha səmərəli şəkildə səfərbər olunmasına şərait yaradır.