Вернуться назад Распечатать

Azərbaycanda idman siyasəti sistemli və uzunmüddətli strategiyaya əsaslanır

Ölkəmizdə idmanın inkişafı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən olub.
Məhz dövlətin diqqət və qayğısı sayəsində bu inkişaf modeli institusional xarakter alıb və bu
gün yüksək dayanıqlığı ilə diqqəti cəlb edir.
Aprelin 30-da komanda hesabında Avropa çempionu titulunu qazanmış güləş üzrə
yığma komandamızın üzvlərini qəbul edən Prezident İlham Əliyev öz çıxışında yalnız əldə
edilmiş nəticələrə deyil, bu uğurları təmin edən idarəetmə mexanizmlərinə də xüsusi diqqət
ayırdı. Bu yanaşma göstərir ki, Azərbaycanda idman siyasəti sistemli və uzunmüddətli
strategiyaya əsaslanır. Dövlət başçısı federasiyanın fəaliyyətinə toxunaraq qeyd etdi ki, bu
qurumun rəhbərliyində və məşqçi heyətində vaxtilə böyük uğurlar qazanmış idmançılar təmsil
olunur. Bu məqam təsadüfi deyil. Çünki peşəkar idman təcrübəsinə malik şəxslərin
idarəetmədə təmsil olunması sahənin daha effektiv inkişafına zəmin yaradır.
Dövlət başçısının vaxtilə həmin idmançıların yarışlarını izlədiyini və bu gün onların
yetirmələrinin uğurlar qazandığını vurğulaması, əslində, davamlılıq prinsipinin bariz
nümunəsidir. Prezident İlham Əliyevin çıxışında nəsillərarası keçid məsələsinə də xüsusi yer
verildi. Qeyd olundu ki, nəsillər dəyişsə də, Azərbaycan idmanının uğurları dəyişməz olaraq
qalır. Bu fikir idmanın inkişaf strategiyasının epizodik nailiyyətlər üzərində deyil, gələcək
perspektivlərə hesablanmış model üzərində qurulduğunu göstərir. Gənc idmançıların artıq
beynəlxalq arenada öz sözünü deməsi seleksiya və hazırlıq sisteminin düzgün istiqamətdə
inkişaf etdiyini təsdiqləyir. Bununla yanaşı, bölgələrdə idmanın inkişafı məsələsi də diqqət
mərkəzində oldu. Ölkənin müxtəlif regionlarında yaradılmış Olimpiya idman kompleksləri və
güləş zalları gələcək uğurların əsasını təşkil edən mühüm amillər kimi qeyd olundu. Bu isə
idmanın yalnız paytaxtla məhdudlaşmadığını, ümumrespublika səviyyəsində genişlənən bir
hərəkat olduğunu göstərir. Regionlarda istedadların aşkarlanması və onların peşəkar idmana
cəlb edilməsi gələcəkdə daha böyük nailiyyətlərin əldə olunmasına imkan verəcək.
Elman Əsgərov,
Sabirabad rayon sakini, gənc sahibkar