Вернуться назад Распечатать

Qusarda yeni şahmat məktəbi açılıb

Qusar şəhərinin Nəriman Nərimanov adına İstirahət və Mədəniyyət Parkında əsaslı şəkildə yenidən qurulan “ISFA Sporting” şahmat məktəbinin açılış mərasimi keçirilib.

1xeber.media-nın bölgə müxbiri xəbər verir ki, yenilənmiş şahmat məktəbinin tədris otaqları müasir inventarla təchiz olunub, həmçinin məktəbin həyətində basketbol meydançası qurulub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov açılış mərasimində bildirib ki, rayonda idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği və onların asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Son illər rayonda mövcud idman infrastrukturunun müasirləşdirilməsi ilə yanaşı, yeni idman obyektlərinin istifadəyə verilməsi bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasətinin bariz nümunəsidir. Gənclərin intellektual inkişafına xidmət edən növbəti belə layihə Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi və “ISFA” şirkətinin təşəbbüsü ilə reallaşıb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda idmanın, şahmat idman növünün inkişafı sahəsində göstərdiyi misilsiz xidmətləri vurğulayan S.Məmmədxanov, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində şahmatın ölkəmizdə kütləviləşdiyini və prioritet idman növlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkəmizdə şahmata göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, Azərbaycan bu gün dünyada şahmat ölkəsi kimi tanınır. Ardıcıl dövlət proqramları, yaradılan müasir infrastruktur və gənclərə göstərilən etimad sayəsində hazırda ölkəmizin adı bu sahədə dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada çəkilir.

Açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli şahmat hakimi Faiq Həsənov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, veteran şahmatçı, beynəlxalq dərəcəli usta Həbibulla Ağalarov, Quba Şahmat Məktəbinin müəllimi, FIDE arbitri Söhrab Murtuzov, “ISFA” şirkətinin direktoru Samir Xeyirbəyov çıxış edərək, regionlarda belə müasir şahmat məktəblərinin açılmasının intellektual idman növünün inkişafı üçün önəmini qeyd ediblər.

Açılış mərasimi bədii özfəaliyyət kollektivlərinin təqdimatında konsert proqramı ilə davam edib.