Вернуться назад Распечатать

Ginekoloqdan Rəşid Mahmudova etiraz: “Məhəllə qaqaşı kimi...”

Həkim-fizioterapevt, professor Rəşid Mahmudov kişilərin doğuş prosesində iştirakını qəbul etmədiyini bildirərək, bu addımın "kişilik" anlayışına uyğun olmadığını deyib (milli.az).

Onun kişilərin doğuş prosesində iştirakına qarşı çıxması cəmiyyətdə geniş müzakirələrə səbəb olub, məsələ qısa müddətdə sosial şəbəkələrdə, mediada və ekspert çevrələrində fikir ayrılığı yaradıb. Bir tərəf bu mövqeyi milli-mənəvi dəyərlər prizmasından müdafiə etsə də, digər tərəf müasir tibbi yanaşma və psixoloji amilləri önə çəkərək fərqli mövqe sərgiləyir.

Qeyd edək ki, Azərbaycanda doğuş zamanı qadının yaxınlarından bir nəfərin iştirakına qanunvericilik çərçivəsində icazə verilir. Dövlət xəstəxanalarında bu məsələyə daha ehtiyatlı və məhdud yanaşma müşahidə olunsa da, özəl klinikalarda müəyyən qaydalar daxilində həyat yoldaşının doğuş prosesində iştirakı mümkündür.

Məhz bu ziddiyyətli yanaşmalar fonunda məsələni elmi və peşəkar müstəvidə qiymətləndirmək üçün mütəxəssislərin fikri xüsusi əhəmiyyət daşıyır. Tanınmış ginekoloq Rəşad Sultan mövzu ilə bağlı

Musavat.com-a açıqlamasında bildirib ki, doğuş prosesi yalnız tibbi hadisə deyil, eyni zamanda ciddi psixoloji və ailədaxili aspektləri olan kompleks bir mərhələdir.

Tanınmış ginekoloq Rəşad Sultan mövzu ilə bağlı  fikrini bölüşüb:

“Bu məsələ tam olaraq mama-ginekologiyaya aid deyil. Doğuş prosesi mama-ginekologiyanın sahəsinə daxildir, amma işin psixoloji tərəfləri, ailə psixologiyası tərəfləri daha vacibdir. Məsələyə yanaşma hər kəsin fərdi baxış bucağı ilə bağlıdır. Hər kəs, istər kişi olsun, istər qadın, özünü ya ata, ya da doğan qadının yerinə qoyaraq məsələyə baxır və öz etik çərçivəsindən, həyat təcrübəsindən çıxış edir. Bu, təbiidir. Hər kəsin öz formalaşmış anlayışı var və o baxış bucağından fikir bildirir. Onun özünün də kişilik anlayışı var, o pəncərədən də fikrini izah edir. Fikrinə hörmət edirəm, amma digər tərəfdən sayğı duymuram. Niyə? Çünki Ondan bir siravi vətəndaş kimi fikir soruşulursa, o cavaba sayğı duymamaq mümkün deyil. Misal üçün, məndən ginekoloq kimi fikir soruşursunuz, mən də hansısa məhəllə qaqaşı kimi fikir bildirirəm. Bu doğru yanaşma deyil.

Birincisi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) doğuş prosesi ilə bağlı müəyyən protokolları və tövsiyələri var. Elmdə qəbul olunmuş sübuta əsaslanan yanaşmalar mövcuddur. Burada şəxsi hisslər, “məncə belədir”, “mən belə düşünürəm” kimi fikirlər elmi yanaşma sayılmır.

Elmi yanaşma statistik və sübuta əsaslanan nəticələrə söykənir. Yəni qərarlar fərdi təəssüratlara yox, araşdırmalara əsaslanmalıdır. Bir alimdən fikir soruşulubsa, o elmi əsaslanmış fikir söyləməlidir. Kişilik anlayışı belə getdi, mentalitet belə getdi kimi cavab verməməlidir. Ya da şəxsi teroriyaları ilə fikir bildiriməməlidir”.

Ginekoloq qeyd edir ki, doğuş prosesi ilə bağlı ÜST-nin tövsiyələri var:
 
“Məsələn, yeni doğulan uşağın dərhal ananın sinəsinə qoyulması, erkən ana-bala təması, erkən ana südü ilə qidalanma kimi məqamlar həm psixoloji, həm də fizioloji baxımdan elmi olaraq sübut olunub. Eyni zamanda tövsiyə olunur ki, uşaq mümkün qədər ananın yanında qalmalıdır. Bütün bunlar nəzərə alındığı kimi ÜST doğuş zamanı həyat yoldaşının da iştirakını tövsiyə edir. Bunun elmi əsası ondan ibarətdir ki, doğuş prosesi qadın üçün həm fiziki, həm də psixoloji baxımdan çox gərgin bir mərhələdir. Qorxu və stress bu mərhələdə artır və qadın özünü daha çox güvəndə hiss etməyə ehtiyac duyur. İstəyirsən yanında güvənəcəyin adam olsun. Fiziki olmasa da, bir mənəvi dəstək verəcək. Doqquz ay qarnında uşaq bəsləmiş qadının da yaxın adamı əlbəttə həyat yoldaşıdır. Ona görə də qadınlar istəyir ki, doğuş zamanı onun yanında olsun, əlindən tutsun, sakitləşdirsin. Qeyd edim ki, doğuş təkcə uşağın dünyaya gəldiyi an deyil. Qadın 16 saat sancı çəkir, o prosesdə yanında olmağından gedir söhbət. Bir doğuş həkimi kimi deyim ki, bəziləri bunu yanlış anlayır. Əsas dəstək də məhz bu sancı çəkən müddətdə, qorxu anında lazımdır. Biz ginekoloqlara bu baxımdan sərf edir, çünki əks halda onlar bizi yanlarında istəyirlər, gərək 16 saat onların yanlarında olaq, bəzən bizim əlimizi tutub sıxırlar. Bəzən də elə sıxırlar ki barmaqlarımız sınır. Bu baxımdan həyat yoldaşı yanında olsa yaxşıdır. Əlbəttə, bu məsələdə müxtəlif fikirlər var. Bəziləri hesab edir ki, kişinin doğuş anında iştirak etməsi doğru deyil, amma burada əsas məsələ təkcə vizual an deyil, ümumi dəstək prosesidir. O anda izləməsi mütləq deyil. əslində bunu mən də sevmirəm, başımın üstündə kimsə dursun, işimə də mane olur. Sırf doğuş anına qədər yanında olması bu şəkildə izah edilir. Mənim xoşuma gəlsə də, gəlməsə də, bu, ÜST-nin tövsiyəsidir. Beynəlxalq tövsiyələr daha çox qadının psixoloji rahatlığını əsas götürür. Ümumilikdə isə qeyd etməliyəm ki, ÜST-nin tövsiyələri elmi əsaslara söykənir və bu yanaşma dünya üzrə qəbul olunmuş praktikadır”.

Psixoloqların ümumi yanaşmasına görə, doğuş prosesi qadın üçün həm fiziki, həm də emosional baxımdan ən həssas mərhələlərdən biridir. Bu dövrdə qadının yanında özünü güvəndə hiss etdiyi bir insanın olması onun stress səviyyəsini azalda, qorxu hissini zəiflədə və ümumi psixoloji vəziyyətini sabitləşdirə bilər. Əksər hallarda bu şəxs həyat yoldaşı olur. Bu baxımdan, kişinin doğuş prosesində iştirakı qadın üçün mənəvi dəstək rolunu oynaya və ailədaxili emosional bağların güclənməsinə müsbət təsir göstərə bilər.

Bununla yanaşı, mütəxəssislər qeyd edir ki, bu iştirak yalnız qadının istəyi və psixoloji rahatlığı çərçivəsində olmalıdır. Əgər qadın həyat yoldaşının yanında olmasını istəmirsə və ya bu hal onda əlavə narahatlıq yaradırsa, belə bir iştirakın məcburi olması düzgün deyil. Eyni zamanda, kişinin özü də psixoloji cəhətdən bu prosesə hazır deyilsə, panikaya düşə və ya vəziyyəti daha da gərginləşdirə bilər ki, bu da ümumi mühitə mənfi təsir göstərir.