Вернуться назад Распечатать

Prezident İlham Əliyevin çıxışı Avropa Parlamentinə sərt mesajdır

 

Mayın 4-də Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən
sammitində video-çıxışında Avropa Parlamenti ilə bağlı mesajı beynəlxalq ictimaiyyət üçün
aydın siqnaldır.
Azərbaycan prinsipial mövqeyini ortaya qoymaqdadır. Mayın 1-də Milli Məclis Avropa
Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.
Bu qərar tam əsaslı, hüquqi və siyasi baxımdan məntiqi addımdır. Azərbaycan indiyədək
beynəlxalq parlament diplomatiyasında daim açıq dialoq, qarşılıqlı hörmət və konstruktiv
əməkdaşlıq xəttini əsas götürüb. Azərbaycan tərəfi həm ikitərəfli, həm də çoxtərəfli
platformalarda münasibətlərin sağlam əsaslar üzərində qurulmasına xüsusi önəm verib. Lakin
təəssüflər olsun ki, Avropa Parlamenti bu prinsiplərə uyğun davranmayaraq, uzun müddətdir
ölkəmizə qarşı qərəzli və destruktiv mövqe sərgiləyir. Bu isə əməkdaşlıq mühitinə ciddi zərbə
vurur və münasibətlərin inkişafını faktiki olaraq mümkünsüz edir. Hər hansı beynəlxalq
platformada əməkdaşlıq yalnız qarşılıqlı etimad və bərabərhüquqlu münasibətlər əsasında
mümkün ola bilər.
Əgər bu prinsiplər pozulursa, həmin platformada iştirak formal xarakter daşıyır və real
nəticələr vermir. Eyni yanaşma son illərdə Avropa Şurası Parlament Assambleyası
çərçivəsində də müşahidə olunur. Azərbaycan nümayəndə heyətinin hüquqlarının
məhdudlaşdırılması, səsvermə hüququndan məhrum edilməyə yönələn addımlar və ölkə ilə
bağlı birtərəfli siyasi qiymətləndirmələrin qəbul edilməsi qərəzli yanaşmadır. Xüsusilə
monitorinq mexanizmləri və müxtəlif qətnamələrdə Azərbaycanın daxili proseslərinə müdaxilə
xarakterli mövqelər ikitərəfli etimad mühitinə zərbə vurub. Bu yanaşmalar AŞPA-nın neytrallıq
və dialoq prinsiplərinə uyğun gəlmir.
Avropa Parlamentinin fəaliyyəti təkcə siyasi ritorika ilə məhdudlaşmır, həm də regionda
gedən sülh prosesinə real təsir göstərir. Bu gün Azərbaycan regionda post-münaqişə
dövrünün reallıqlarına uyğun olaraq sülh gündəliyini irəli aparır, Ermənistanla münasibətlərin
normallaşdırılması üçün konkret addımlar atır. Lakin Avropa Parlamenti bu prosesi
dəstəkləmək əvəzinə, əksinə, onu sabotaj etməyə yönələn mövqe tutur. Bu isə regionda
uzunmüddətli sabitliyin təmin olunmasına maneə yaradır.
Avropa Parlamentinin yanaşmasında ən ciddi problemlərdən biri hüquqi reallıqların
təhrif edilməsidir. Azərbaycan ərazisində ağır cinayətlər törətmiş şəxslərin ‘əsir’ kimi təqdim
olunması tamamilə yolverilməzdir. Bu, beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı,
həm də ədalət anlayışını sarsıdır. Hərbi cinayətkarların bu şəkildə müdafiə olunması regionda
revanşist qüvvələri ruhlandırır və sülh prosesinə zərbə vurur. Bu cür yanaşma gələcəkdə daha
ciddi təhlükələrə səbəb ola bilər: “Əgər cinayətkarlar cəzasız qalarsa, bu, yeni münaqişə
risklərini artırır.
Avropa Parlamenti son dövrlərdə Azərbaycana qarşı yeni mövzular üzərindən təzyiq
göstərməyə çalışır. Diqqət çəkən məqam odur ki, hətta Ermənistanın özü tərəfindən bu
şəkildə qabardılmayan məsələlər Avropa Parlamenti tərəfindən siyasiləşdirilir. Abidələr,
qayıdış və xristian irsinin qorunması kimi mövzular manipulyasiya alətinə çevrilir. Halbuki
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bütün dini və mədəni irsin qorunmasına sadiq
olduğunu dəfələrlə nümayiş etdirib. Bu cür yanaşmalar etimad mühitinə zərbə vurur. Bu,
regionda barışıq və əməkdaşlıq mühitinin formalaşmasına deyil, əksinə, qarşıdurmanın
dərinləşməsinə xidmət edir.
Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində video-
çıxışında səsləndirdiyi fikirlər mövcud vəziyyətə verilən ən dəqiq siyasi qiymətləndirmədir.
Dövlət başçısı açıq şəkildə bildirdi ki, bütün Avropa institutları eyni mövqe sərgiləmir. Biz
1993-cü ildə qəbul olunmuş və 30 il ərzində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsini özümüz icra etdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə
qarşı sanksiyalar tətbiq etdi. Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ fəaliyyət
üsuluna çevrilib. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni
dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamenti də sülh
prosesinə töhfə vermək əvəzinə, dezinformasiya və təzyiq alətinə çevrilib. Bu mesaj
beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini bir daha aydın şəkildə çatdırdı.

Bu çıxış həm də dezinformasiyanın qarşısının alınmasına xidmət edir. Azərbaycan öz
mövqeyini açıq və şəffaf şəkildə ifadə edir və heç bir manipulyasiyaya imkan vermir. Bu
mövqe Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edir. Azərbaycan heç bir halda
təzyiq və şantaj siyasətini qəbul etməyəcək. Azərbaycan regionda sülh və sabitliyin təmin
olunması istiqamətində səylərini davam etdirəcək. Ölkəmiz sülh gündəliyinə sadiqdir və bu
istiqamətdə real nəticələr əldə etməyə çalışır. Lakin eyni zamanda, sülh prosesinə mane olan,
anti-Azərbaycan kampaniyası aparan və beynəlxalq hüququ siyasi alətə çevirən qüvvələrə
qarşı da qəti mövqe sərgiləyəcək.
Fikrət Rəsulov,
Sabirabad rayon Baytarlıq idarəsinin rəisi